“Türkiyə-Azərbaycan Universitetində növbəti tədris ili üçün “Qida mühəndisliyi” ixtisasına qəbul şərtlərində dəyişiklik ediləcək. Qəbul balının aşağı salınması və plan yerlərinin artırılması nəzərdə tutulur”.
AzEdu.az xəbər verir ki, bu barədə universitetin Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uygun "CBC FM"də yayımlanan proqramda qonaq olarkən məlumat verib.
O bildirib ki, ilk qəbul ilində “Qida mühəndisliyi” ixtisası üzrə ən aşağı keçid balı 453 olub:
“Azərbaycanda bu ixtisasa qəbul balı daha aşağıdır. Bu il minimum bal 400-ə qədər endiriləcək. Eyni zamanda qəbul planı 12 yerdən 30 yerə qaldırılacaq”.
Proqram rəhbərinin sözlərinə görə, ixtisas üzrə maddi-texniki bazanın formalaşdırılması, laborator imkanların yaradılması və müəllim heyətinin Türkiyədən dəvət olunması əlavə xərclər tələb edir. Bu baxımdan plan yerlərinin artırılması və qəbul şərtlərinə yenidən baxılması zəruri hesab olunub.
(mənbə: "Azərbaycan müəllimi")