Bakı Mühəndislik Universitetində (BMU) “Holberton School Azerbaijan”ın müasir texnologiya istiqamətləri üzrə təhsil proqramında iştirak etmək hüququ qazanan tələbələrlə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, əsası Silikon Vadisində qoyulmuş Holberton School layihə əsaslı və “Peer Learning”, “Project-based Learning” modelinə əsaslanan praktiki tədris sistemi ilə seçilir. BMU-nun 85 tələbəsi proqram çərçivəsində Machine Learning, Cyber Security və Computer Science istiqamətlərində təhsil almaq və beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək imkanı qazanıb.
BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov çıxışında rəqəmsal transformasiya dövründə informasiya texnologiyaları (IT) sahəsində ixtisaslı kadrlara tələbatın artdığını vurğulayıb. Qeyd edib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq tələbələrin praktik bilik və bacarıqlarının gücləndirilməsinə, onların qlobal əmək bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir.
“Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə proqramın real layihələr üzərində qurulan intensiv tədris modeli ilə tələbələrin texniki və komanda işi bacarıqlarını inkişaf etdirdiyini bildirib. Qeyd edib ki, proqram 100 faiz təqaüd əsasında həyata keçirilir və seçilmiş iştirakçıların təhsil haqqı tam şəkildə qarşılanır. O, həmçinin beynəlxalq təhsil şəbəkəsi haqqında, həyata keçirilən müvafiq proqramlar haqqında məlumat verib.
Tədbirdə platformanın istifadə qaydaları və qiymətləndirmə mexanizmi barədə təqdimat da keçirilib. Təqdimat zamanı İT mentoru Ruslan Həmidov platformanın funksionallığı, tapşırıqların yerinə yetirilməsi mexanizmi və qiymətləndirmə sistemi haqqında tələbələrə ətraflı məlumat verib, onları proqramda aktiv iştirak etməyə çağırıb.
BMU-nun “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Ayxan İsgəndərzadə isə çıxışında seçim mərhələsində qazandığı təcrübəni bölüşüb və proqramın onun peşəkar inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.