Azedu.az

BMU-nun magistr tələbələri təhsilini Çində davam etdirəcək

Universitetlər

2 Mart 2026, 16:55
BMU-nun magistr tələbələri təhsilini Çində davam etdirəcək

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (Beijing University of Civil Engineering and Architecture-BUCEA) arasında magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində 8 tələbə sabah Çin Xalq Respublikasına yola düşür.

AzEdu.az xəbər verir ki, bu münasibətlə universitetdə təşkil olunan görüşdə BMU-nun beynəlxalq məsələlər üzrə prorektoru Ətrabə Gül çıxış edərək bildirib ki, proqram tələbələrə yalnız iki diplom əldə etmək imkanı yaratmır, eyni zamanda onların beynəlxalq akademik mühitdə formalaşmasına, müxtəlif elmi məktəblərlə tanış olmasına və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə şərait yaradır.

Qeyd olunub ki, Çin ali təhsil sistemi intizamı, yüksək akademik tələbləri və güclü tədqiqat ənənələri ilə seçilir. Bu mühitdə təhsil magistrlərin həm nəzəri biliklərini dərinləşdirəcək, həm də praktik bacarıqlarını və müstəqil tədqiqat qabiliyyətlərini inkişaf etdirəcək. Prorektor həmçinin vurğulayıb ki, BUCEA ilə birgə icra olunan proqram universitetin beynəlmiləlləşmə strategiyasının mühüm tərkib hissəsidir və tələbələr üçün yeni elmi, texnoloji, o cümlədən mədəni imkanlar açır.

Görüş zamanı proqramı qazanan tələbələrə qarşıdakı akademik proses, təhsil sistemi və yeni həyat mərhələsi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda Çin cəmiyyətinin xüsusiyyətləri, gündəlik həyat qaydaları, mədəni dəyərləri və sosial davranış normaları barədə informasiyalar təqdim edilib. Tələbələrə təhsil alacaqları ölkənin qanun və ənənələrinə hörmətlə yanaşmağın, akademik məsuliyyət və intizam nümayiş etdirməyin vacibliyi xatırladılıb, həmçinin Azərbaycanın ali təhsil sistemini və milli dəyərlərini layiqincə təmsil etmələri tövsiyə olunub. 

Sonda tələbələrin sualları cavablandırılıb, onlara təhsillərində uğurlar arzulanıb.

Məlumat üçün bildirək ki, BMU ilə BUCEA arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən iki model çərçivəsində “Memarlıq”, “İnşaat mühəndisliyi”, “Ətraf mühit mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Maşınqayırma mühəndisliyi” ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. Təhsil prosesi 0,5+1,5 il formatında təşkil olunur: tələbələr proqramın ilk semestrini BMU-da, növbəti üç semestrini isə BUCEA-da davam etdirirlər. Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə malik, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır.

 

Proqrama müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər. 

Image 1Image 1Image 1

İranın nüvə obyekti vuruldu - DƏHŞƏTLİ HÜCUM
Son xəbərlərDaha çox