Yetkinlik yaşına çatmayan məhkumlara ali məktəblərə qəbul imtahanında iştirak imkanı yaradılması tövsiyə olunur.
Təkliflər paketində məhkumların islah prosesinin effektivliyini artırmaq üçün onların ixtisas və peşə bacarıqlarına uyğun işlərə cəlb olunması yer alıb. Həmçinin, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dəyişiklik edilərək, həbs edilmiş şəxslərin yaxın qohumları ilə videogörüş keçirmək hüququnun qanunvericiliklə möhkəmləndirilməsi irəli sürülüb.
Azyaşlı məhkumların ali təhsilə çıxışının islah və cəmiyyətə reinteqrasiyadakı əhəmiyyəti nədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Vasif Qafarov qeyd edib ki, yetkinlik yaşına çatmayan məhkumlara ali məktəblərə qəbul imtahanında iştirak imkanı yaradılması məsələsinə hüquqi yanaşma ondan ibarətdir ki, qüvvədə olan qanunvericilik xüsusilə Konstitusiyanın təhsil hüququnu təsbit edən müddəaları, “Təhsil haqqında” Qanun və penitensiar sahəni tənzimləyən qanunvericilik ümumilikdə belə imkana hüquqi baza yaradır:

"Cəza şəxsin azadlığını məhdudlaşdırsa da, onun təhsil hüququnu aradan qaldırmır. Bununla belə, praktik tətbiqin vahid və şəffaf qaydada təmin olunması üçün aidiyyəti qurumların birgə normativ sənədlərlə prosedur mexanizmlərini dəqiqləşdirməsi məqsədəuyğundur. Bu təşəbbüsün effektiv həyata keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında institusional koordinasiya mexanizmi qurulmalı, imtahanların təşkili, təhlükəsizlik, texniki təminat və məlumat mübadiləsi üzrə aydın səlahiyyət bölgüsü müəyyən edilməlidir. Birgə işçi qrupunun yaradılması, imtahanların keçirilməsi, cavabların qorunması və apellyasiya prosedurlarının vahid qaydada tənzimlənməsi hüquqi və təşkilati baxımdan ən düzgün yanaşma olardı.
Azyaşlı məhkumların ali təhsilə çıxışının təmin edilməsi onların islahına, hüquqi və sosial məsuliyyət hissinin formalaşmasına, gələcəkdə əmək bazarına inteqrasiyasına və təkrar cinayət törətmə riskinin azalmasına xidmət edəcək. Cəzanın məqsədi yalnız cəzalandırma deyil, həm də islah və cəmiyyətə reinteqrasiyadır və ali təhsil bu məqsədlərə birbaşa xidmət edən mühüm vasitədir. Ali məktəbə qəbul olunduğu halda təhsilin təşkili penitensiar rejimin tələbləri nəzərə alınmaqla həyata keçirilə bilər".
Ən real və hüquqi baxımdan əsaslandırılmış model distant təhsil formasıdır, çünki məhkumun gündəlik şəkildə universitetdə fiziki iştirak etməsi təhlükəsizlik baxımından mümkün deyil:
"Təhsil penitensiar müəssisə daxilində ayrılmış xüsusi otaqda, nəzarət altında və təhlükəsiz internet çıxışı təmin olunmaqla onlayn formada təşkil edilə bilər və imtahanlar ali məktəb və ya Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin iştirakı ilə müəssisədə keçirilə bilər. Penitensiar müəssisələrdə qəbul imtahanlarının təşkili zamanı şəffaflıq və obyektivliyin təmin olunması üçün videomüşahidə sistemlərinin tətbiqi, müstəqil nəzarət mexanizmlərinin cəlb edilməsi, Dövlət İmtahan Mərkəzinin vahid prosedurlarının qorunması və nəticələrin mərkəzləşdirilmiş qaydada yoxlanılması kimi mexanizmlər nəzərdə tutula bilər.
Bu yanaşma həm təhsil hüququnun təmin edilməsinə, həm də dövlətin təhlükəsizlik və hüquqi maraqlarının qorunmasına imkan verərək balanslı və davamlı həll modeli formalaşdırır".