Azedu.az

Qiyabi oxuyanlara hərbi xidmətdən möhlət verilə bilər - hansı hallarda?

Universitetlər

2 Mart 2026, 09:02
Qiyabi oxuyanlara hərbi xidmətdən möhlət verilə bilər - hansı hallarda?

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir. Belə ki, məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, qiyabi təhsil alanlara hərbi çağırışdan möhlət hüququnun verilməsi təklifi təhsil baxımından kifayət qədər faydalı və maraqlı təşəbbüs kimi qiymətləndirilə bilər:

178581

"Hesab edirəm ki, bu hüququn tətbiqi üçün ilk növbədə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Qeyd edək ki, əvvəlki illərdə təhsil alanlara münasibətdə qanunvericilikdə müxtəlif dəyişikliklər həyata keçirilib və 2024-cü ildən etibarən də bu sahədə müəyyən yeniliklər qüvvəyə minib. Qiyabi təhsil alanlara möhlət hüququnun verilməsi onların təhsilə əlçatanlığını artırmaqla yanaşı, akademik davamlılığın təmin olunmasına da xidmət edə bilər.

Təhsil müddətində hərbi xidmətə cəlb olunmamaq gənclərin təhsil zəncirinin qırılmasının qarşısını alar və onların ali təhsili başa vurduqdan sonra xidmətə yollanmasına imkan yaradar. Bu isə orduda ali təhsilli, ixtisaslı və bilikli gənclərin sayının artmasına müsbət təsir göstərə bilər. Çünki ali təhsil diplomu və ixtisas bilikləri olan gənclər hərbi xidmət dövründə əldə etdikləri bilik və bacarıqlardan daha səmərəli istifadə edə bilərlər".

Eyni zamanda, bu təşəbbüs gənclərin əmək bazarında mövqelərinin güclənməsinə də şərait yarada bilər

"Təhsilin fasiləsiz şəkildə başa çatdırılması onların həm peşəkar inkişafına, həm də gələcək karyera imkanlarına müsbət təsir göstərəcək. Daha dolğun və sistemli biliklərlə hərbi xidmətə başlayan gənclər xidmət dövründə də özlərini daha effektiv şəkildə təsdiqləyə bilərlər.

Möhlət hüququnun verilməsi zamanı mümkün sui-istifadə hallarının qarşısının alınması və ədalətli mexanizmlərin tətbiqi isə xüsusi əhəmiyyət daşıyır. Hazırda əyani təhsil alan bakalavr, magistr və doktorantlara möhlət hüququ verilir və son dəyişikliklərdən sonra bakalavr və magistrlər üçün yaş məhdudiyyəti müəyyən edilib. Oxşar yaş limiti qiyabi təhsil alanlara da şamil edilə bilər. Məsələn, bakalavr pilləsi üzrə 25 yaş, magistratura üzrə isə 28 yaşa qədər möhlət hüququnun tətbiqi variantı nəzərdən keçirilə bilər.

Bununla yanaşı, müvafiq dövlət qurumlarının informasiya bazalarının inteqrasiyası da vacib mexanizm ola bilər. Universitetdən xaric olunmuş və ya akademik borcu olan tələbələr barədə məlumatların operativ şəkildə aidiyyəti qurumlara ötürülməsi sui-istifadə risklərini minimuma endirə bilər. Eyni zamanda, tələbələrin orta ümumi müvəffəqiyyət göstəricisinin (ÜOMG) də nəzərə alınması onları daha məsuliyyətli və səylə təhsil almağa təşviq edə bilər.

Ümumilikdə, belə bir dəyişiklik həyata keçirilərsə, məsələyə kompleks yanaşma tətbiq olunmalı, həm təhsilin keyfiyyəti, həm də hərbi xidmətin maraqları balanslı şəkildə nəzərə alınmalıdır".

İran viran olur! SAVAŞ BÖYÜYÜR - Bu ölkələr də müharibəyə qoşulur
Son xəbərlərDaha çox