Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımı ilə əlaqədar tələbələr üçün silsilə açıq dərslər təşkil olunub.
AzEdu.az xəbər verir ki,ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva, professor Abbas Seyidov, dosent Xaqan Balayev, baş müəllim Elnur Nəciyev və müəllim Ramiz Nəcəfli tərəfindən keçirilən açıq dərslərdə Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, başvermə səbəbləri və ağır nəticələri faktlar əsasında geniş təhlil edilib.
Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bildirilib ki, dinc əhaliyə qarşı həyata keçirilmiş bu kütləvi qətliam beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Bu dəhşətli soyqırımın əsl mahiyyətinin yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanması, 1994-cü ilin fevralında Milli Məclisin faciəyə siyasi-hüquqi qiymət verməsi və fevralın 26-sının “Xocalı soyqırımı və milli matəm günü” elan olunması ayrıca vurğulanıb. Eyni zamanda 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olunduğu, 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Xocalının separatçılardan təmizləndiyi nəzərə çatdırılıb.
Xocalı soyqırımının Azərbaycan xalqının tarixi yaddaşında sağalmaz izlər buraxdığını və bu faciənin siyasi-hüquqi qiymətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyini vurğulayan natiqlər tarixi həqiqətlərin saxtalaşdırılmasına qarşı elmi arqumentlərlə mübarizə aparmağı, faktlara əsaslanan mövqe ortaya qoymağı xüsusilə gənc nəslin üzərinə düşən mühüm vəzifə kimi önə çəkiblər. Qeyd olunub ki, milli yaddaşın qorunması, şəhidlərin xatirəsinin əziz tutulması və dövlətçilik şüurunun möhkəmləndirilməsi ali təhsil müəssisələrinin prioritet istiqamətlərindən biridir.
Sonra BMU tələbələri Gülnar Kərimova və Aygül Hüseynovanın Xocalı hadisələri ilə bağlı hazırladıqları təqdimatlar dinlənilib.
Gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi proseslərə obyektiv yanaşma bacarıqlarının inkişafına xidmət edən açıq dərslər zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və müzakirələr aparılıb.