Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) YAP Nəsimi Rayon Təşkilatının Azadlıq prospekti 20 ünvanı üzrə- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, universitetin prorektorları, professor-müəllim heyəti, fakültə və şöbələri təmsil edən fəal YAP üzvləri və tələbələr iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov iştirakçıları iclasın gündəliyi ilə tanış etdikdən sonra tədbiri açıq elan edib.
ADNSU-nun “Əməkdar professoru” Tamilla Naibova ADNSU-nun YAP ilk təşkilatının illər ərzində gördüyü işlər və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. ADNSU-nun rektoru, dosent Rüfət Əzizov YAP sıralarında təmsil olunmağın böyük məsuliyyət və dövlətçilik mövqeyi tələb etdiyini vurğulayaraq ADNSU gənclərinin daha fəal və təşəbbüskar fəaliyyət göstərəcəklərinə inandığını bildirib. Rektor ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın partiyasına çevrildiyini vurğulayıb.
O, qeyd edib ki, zamanında edilən düzgün seçim və xalqımızın YAP ətrafında sıx birləşməsi bu gün artıq öz nəticəsini verir. Sonra YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov YAP ilk təşkilatının yaranması, keçdiyi yol və uğurlu fəaliyyəti barədə məlumat verib.Daha sonra hesabat-seçki yığıncağının qərar layihəsi oxunub. Yekdil qərarla ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov YAP Nəsimi Rayon Təşkilatının Azadlıq prospekti 20 ünvanı üzrə - ADNSU ərazi partiya təşkilatının sədri seçilib. Hesabat-seçki yığıncağında həmçinin, ADNSU-nun Yeni AzərbaycanPartiyasına üzv olan 3 nəfər tələbəsinə partiya biletləri təqdim olunub.