Azedu.az

Universitetlərdə artıq fənlər ixtisar edilməlidir - TƏKLİF

Universitetlər

25 Fevral 2026, 09:11
Universitetlərdə artıq fənlər ixtisar edilməlidir - TƏKLİF

Bu gün universitetlərin bir çoxunda tələbələrə 7-8 fənn tədris olunur. Halbuki ali məktəbə qəbulun əsas məqsədi ümumi bilik əldə etmək deyil, konkret bir sahə üzrə ixtisaslaşmaqdır. Bu baxımdan mövcud dərs yükü müəyyən suallar doğurur.

Məktəblərdə olduğu kimi 7-8 fənn keçmək tələbələr üçün həm yorucu olur, həm də bəzən məqsədəuyğun hesab edilmir. Bu halda sual yaranır: ali təhsil müəssisələrində niyə bu qədər çox fənn tədris olunmalıdır və bunun zərurəti nədir?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.

Ekspert bildirib ki, ali təhsil müəssisələrində tələbələr ixtisaslarından əlavə, qeyri-ixtisas fənləri ilə ən azı iki il məşğul olurlar:

“Bu məsələ uzun müddətdir aktualdır və həm tələbələr, həm də ixtisas fənlərini tədris edən müəllimlər tərəfindən tez-tez qaldırılır. Ali təhsil müəssisələrində tələbələr öz ixtisaslarından fərqli olaraq, qeyri-ixtisas fənlərini minimum iki il oxuyurlar. Bu isə onların xeyli vaxtını alır, əsas ixtisaslarına köklənmələrinə və fokuslanmalarına mane olur.

Məsələn, birinci kurs tələbələri ixtisas fənlərindən daha çox tarix, Azərbaycan dili, eləcə də xarici dil – xüsusilə ingilis dili ilə məşğul olurlar. Nəticədə ixtisas fənləri arxa planda qalır. Bu isə həm tələbələr üçün yorucu və sıxıcıdır, həm də onların akademik göstəricilərinin aşağı düşməsinə təsir edir”.

Səbuhi Abdullayev hesab edir ki, fənlərin sayının azaldılmasına ciddi ehtiyac var:

“Məsələn, bir riyaziyyatçı üçün tarix fənnindən akademik imtahan vermək kifayət qədər çətin ola bilər. Bu zaman onun ümumi orta göstəricisi aşağı düşür. Bu isə həm təqaüd, həm də ümumi ortalama baxımından tələbə üçün mənfi nəticələr yaradır. Eyni zamanda, ixtisas üzrə dərin bilik əldə etməsinə də maneə törədir.

Digər tərəfdən, fizika ixtisasında oxuyan tələbəyə Azərbaycan dili fənni bəzən ixtisas fənlərindən daha çox saatla tədris olunur. Halbuki həmin sahədə Ali Cəbr kimi fənlər daha önəmlidir. Lakin Ali Cəbrə ayrılan saatlardan daha çox filologiya istiqamətli fənlərə yer verilir. Bu isə anlaşılan deyil və bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Görünür, müəyyən bürokratik əngəllər dəyişikliklərə mane olur.

Düşünürəm ki, müasir tələbələr artıq nə istədiklərini yaxşı bilirlər. Bu baxımdan, həm fənlərin sayının azaldılmasına, həm də ixtisas fənlərinə daha çox fokuslanmağa ciddi ehtiyac var”.

Elgizlə Tolikin verilişi bağlanır - ŞOK ANONS
Son xəbərlərDaha çox