Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi,Tələbə Gənclər Təşkilatı, YENİ Klub və Tələbə Elmi Cəmiyyətinin üzvləri, eləcə də ali məktəbin fəal tələbələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
BMU-dan AzEdu.az-a bildirilib ki, ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub. Tələbələr Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinə dərin hörmətlərini ifadə ediblər. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu, şəhidlərimizin, Xocalı qurbanlarının qanının yerdə qalmadığı vurğulanıb.
Milli yaddaşın yaşadılması, belə faciələrin heç zaman unudulmaması və gələcək nəsillərə ötürülməsinin hər bir gəncin mənəvi məsuliyyəti olduğu xüsusi qeyd edilib.