"Universitetlərin uğurunu yalnız qəbul zamanı toplanan yüksək ballarla ölçmək uzun illərdir davam edən, lakin getdikcə daha çox sual doğuran yanaşmadır. Yüksək keçid balı, şübhəsiz ki, güclü akademik hazırlığa malik gənclərin həmin ali məktəbə üz tutduğunu göstərir. Bu isə universitetin cəlbediciliyini və ictimai nüfuzunu artırır".
Bu fikri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib.

Deputatın sözlərinə görə, ancaq müasir ali təhsil fəlsəfəsi göstərir ki, universitetin dəyəri yalnız seçdiyi tələbələrin səviyyəsi ilə deyil, onları hansı səviyyəyə çatdırdığı ilə müəyyən olunur:
"Dünya təcrübəsi bu məsələyə daha funksional yanaşmanı önə çəkir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin ali təhsil siyasətlərinə dair hesabatlarında universitetlərin effektivliyi əsasən “öyrənmə nəticələri” və “əmək bazarına inteqrasiya” göstəriciləri ilə qiymətləndirilir. Başqa sözlə, universitetin gücü onun girişində deyil, çıxışında ölçülür. Məzun nə qədər bilikli, çevik düşüncəli və rəqabətqabiliyyətlidir?
Yüksək qəbul balı təhsilin keyfiyyətinə avtomatik zəmanət vermir. Güclü abituriyentlərin toplanması universitetə yaxşı başlanğıc verir, lakin bu potensialın inkişafı üçün müasir kurikulum, güclü akademik heyət, tədqiqat mühiti və praktiki bacarıqların formalaşdırılması zəruridir. Əks halda universitet yalnız “seçilmişləri toplayan”, lakin onları inkişaf etdirməyən struktur kimi qalır.
Məşhur ali məktəblərin nüfuzu məhz bu transformasiya gücü ilə bağlıdır. Tələbə qəbul olunarkən kim idisə, məzun olarkən ondan daha artıq olur. Qlobal reytinqlərin metodologiyası da bunu təsdiqləyir. Bu metodologiyalarda qəbul balı ayrıca indikator kimi demək olar ki, yer almır. Çünki yüksək nəticə ilə qəbul olunmuş tələbənin uğuru daha çox onun hansı təhsil mühitində formalaşmasından asılıdır".
Məzunların karyera uğurunda universitetin rolu həlledici olmaqla yanaşı, tək faktor deyil:
"Əmək bazarı analitikləri göstərir ki, peşəkar uğura üç əsas amil təsir edir: fərdi bacarıqlar, sosial kapital və təhsil mühiti. Universitet məhz ikinci və üçüncü komponentləri gücləndirə bilir. Praktika imkanları, tədqiqat layihələri, beynəlxalq mübadilə proqramları və işəgötürənlərlə əməkdaşlıq məzunun əmək bazarına keçidini sürətləndirir. Bu baxımdan universitet yalnız bilik verən məkan deyil, sosial və peşəkar şəbəkələrin qurulduğu platformadır.
Dünyanın aparıcı ali məktəblərinə baxdıqda bu yanaşma daha aydın görünür. Onların nüfuzu yalnız qəbul çətinliyi ilə deyil, innovasiya yaratmaq, startap mədəniyyəti formalaşdırmaq və cəmiyyətə təsir etmək qabiliyyəti ilə ölçülür. Universitet təkcə tələbə seçmir. ,O bilik istehsal edir, insan kapitalı yaradır və iqtisadi inkişafın mühərrikinə çevrilir. Bu kontekstdə universitetlərin reytinqi müəyyən edilərkən bir neçə əsas meyar daha böyük əhəmiyyət daşımalıdır.
Məzunların məşğulluq səviyyəsi, elmi tədqiqatın keyfiyyəti, tədrisin effektivliyi, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir. Qəbul balı isə yalnız başlanğıc göstərici kimi qiymətləndirilə bilər. Əgər universitet tələbənin potensialını reallaşdırmırsa, yüksək giriş balı sadəcə statistik üstünlük olaraq qalır. Ali təhsil sisteminin əsas məqsədi seçilmişləri toplamaq deyil, potensialı inkişaf etdirməkdir. Universitetin həqiqi nüfuzu onun auditoriyalarına daxil olan gənclərin kim olması ilə deyil, məzun olduqda kimə çevrilməsi ilə ölçülür. Cəmiyyət üçün dəyər yaradan da məhz bu dəyişimin keyfiyyətidir".