Azedu.az

Humanitar sahələrə maraq AZALIB - “Güclülər texniki sahələrə yönəlir”

Universitetlər

23 Fevral 2026, 09:29
Humanitar sahələrə maraq AZALIB - “Güclülər texniki sahələrə yönəlir”

"2025-ci ildə ali təhsilə qəbul prosesində diqqət çəkən əsas tendensiya güclü abituriyentlərin humanitar və sosial-iqtisadi ixtisaslardan mühəndislik və informasiya texnologiyaları sahələrinə yönəlməsi oldu. Ən yüksək qəbul keyfiyyətinə malik universitetlər arasında texniki ali məktəblər üstünlük təşkil etdi, istiqamətlər üzrə isə liderliyi “Nüvə fizikası və texnologiyaları” ixtisası aldı".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

178108

Professor bildirib ki, bu nəticələr Rusiyanın Milli Tədqiqat Universiteti - Ali İqtisadiyyat Məktəbi (HSE) tərəfindən aparılan və artıq 15-ci ildir dərc olunan qəbul keyfiyyəti monitorinqində əksini tapıb:

"Araşdırma açıq məlumatlara əsaslanır və bakalavriat və ixtisaslaşma proqramlarını əhatə edir. 2025-ci ildə monitorinqə 815 ali təhsil müəssisəsi daxil edilib: 395 əsas universitet, 329 dövlət filialı və 91 qeyri-dövlət ali məktəbi. Bu universitetlərin hər birində qəbul 300 nəfəri keçib.

Tədqiqat zamanı qəbul olunanların imtahan nəticələri, qəbul sayları, ixtisas istiqamətləri və təhsil haqları analiz olunub. Orta bal vahid metodika ilə hesablanıb: əlavə nailiyyətlər və universitet daxili imtahanlar nəzərə alınmayıb, imtahansız qəbul olunanlara şərti olaraq hər fənn üzrə 100 bal verilib, yaradıcılıq və peşə sınaqları isə hesablamaya daxil edilməyib. 2025-ci ilin qəbul kampaniyası texniki sahələrə marağın kəskin artdığını göstərdi. Demək olar ki, bütün mühəndislik istiqamətlərində tələbat yüksəldi, humanitar və sosial-iqtisadi ixtisaslara maraq isə azaldı.

2023-cü ildə qəbul keyfiyyətinə görə ilk beşliyə heç bir texniki istiqamət daxil deyildisə, 2025-də ilk beş yerdən üçü texniki sahələrə məxsus oldu. Birinci yeri orta 76,9 balla “Nüvə fizikası və texnologiyaları” tutdu. Bu istiqamət əvvəlki lider olan “Şərqşünaslıq və afrikaşünaslıq” sahəsini ikinci yerə (76,3 bal) sıxışdırdı. Sonrakı yerlərdə fizika (76,1) və riyaziyyat (76) qərarlaşdı.

70 baldan yüksək qəbul keyfiyyəti olan digər texniki istiqamətlər sırasında kimya, aviasiya və raket-kosmik texnikası, informatika və hesablama texnikası, həmçinin memarlıq və şəhərsalma yer aldı.Monitorinq tarixində ilk dəfə olaraq qəbul keyfiyyətinə görə ilk üçlük yalnız texniki universitetlərdən ibarət oldu. Birinci yerdə Moskva Fizika-Texnika İnstitutu (96,8 bal), ikinci yerdə MTNU (МИФИ) -91,5 bal, üçüncü yerdə isə Mərkəzi Universitet qərarlaşdı.

80 baldan yuxarı qəbul göstəricisi olan ali məktəblər arasında yeddi texniki universitet, beş klassik universitet, iki tibb və yalnız iki sosial-iqtisadi profilli ali məktəb yer aldı. Ekspertlərin fikrincə, texniki universitetlərdə qəbul sayının nisbətən az olması güclü tələbələrin dar ixtisaslar üzrə cəmləşdiyini göstərir. Məsələn, 2025-ci ildə MFTİ 1235, MTNU 1288 tələbə qəbul etdiyi halda, HSE-də bu rəqəm 7285 nəfər olub".

Son üç ildə qəbul strukturu “orta səviyyə”yə doğru dəyişib: 70-79 bal aralığında qəbul olunanların payı azalıb, 56-69 bal aralığında olanların payı isə artıb:

"Bununla belə, uzunmüddətli dinamika müsbətdir. Aşağı bal toplayanların payı son səkkiz ildə əhəmiyyətli dərəcədə azalıb. Olimpiada qaliblərinin payı da artaraq 2018-dəki 1%-dən 2025-də 1,6%-ə yüksəlib.

80 baldan yüksək nəticə ilə qəbul olunanların sayı 2018-ci ildəki 25 min nəfərdən 2025-ci ildə 38 min nəfərə çatıb. Eyni dövrdə aşağı bal toplayanların sayı azalıb. Regional universitetlər zəif abituriyentlərin payını azaltmaqla göstəricilərini sabitləşdirir. Lakin Moskva və Sankt-Peterburq ali məktəbləri ilə regionlar arasındakı fərq böyüməkdə davam edir.

2025-ci ildə paytaxt universitetlərində büdcə yerlərinə qəbul olunanların orta balı regionlardan 14,5 bal yüksək olub. Ödənişli təhsil üzrə fərq isə təxminən 8 bal təşkil edib.Paytaxtlarda büdcə yerlərinin sayı artsa da, rəqabət yüksək səviyyədə qalıb. Son üç ildə ödənişli əsaslarla qəbul 24% artaraq 183 min nəfərdən 227 min nəfərə yüksəlib. Büdcə yerlərinin sayı isə demək olar ki, sabit qalıb.

2025-ci ildə bir valideynin övladının illik təhsil haqqını ödəməsi üçün orta hesabla 2,7 ay işləməsi kifayət edib. Təhsil haqlarının artımı inflyasiyanı cüzi üstələyib. Bir çox universitetdə təhsil xərclərinin artımı maaş artımından geri qaldığı üçün təhsil nisbətən daha əlçatan hesab olunur. Bu universitetlər arasında beynəlxalq münasibətlər, pedaqoji və hüquq profilli ali məktəblər də var.

Monitorinq göstərir ki, ali təhsil sistemi zəifləməkdən daha çox yenidən qurulur. Texnoloji və mühəndis sahələrinin prioritetə çevrilməsi universitetlərin strukturunu, tələbə seçimini və əmək bazarı ilə əlaqələri dəyişir. Ekspertlər hesab edir ki, bu tendensiya yaxın illərdə də davam edəcək və ali təhsil sistemində əsas rəqabət məhz texnologiya yönümlü proqramlar ətrafında formalaşacaq".

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox