Bakı Mühəndislik Universitetində (BMU) 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə “Dünyanın dil mənzərəsində Azərbaycan dilinin mövqeyi” adlı elmi seminar təşkil edilib. Tədbir Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi çərçivəsində keçirilib.
AzEdu.az xəbər verir ki, seminarda əvvəlcə Beynəlxalq Ana dili Gününün yaranma tarixi və əhəmiyyəti haqqında videoçarx nümayiş olunub.
Sonra kafedranın müdiri Təranə Hacıyeva çıxış edərək dünyada dillərin yayılma coğrafiyası, dil müxtəlifliyi və bir çox dillərin zamanla yoxa çıxmasına diqqət çəkib. O, dil xəritəsi anlayışını izah edib, hər bir dilin qlobal mənzərədə öz yeri və funksiyası olduğunu vurğulayıb. Çıxışda, həmçinin dövlət dili və rəsmi dil anlayışları arasındakı fərqlər açıqlanıb, dilin hansı şərtlər daxilində dövlət dili statusu qazanması qeyd olunub. Rəsmi dilin əsasən ayrı-ayrı qurum və təşkilatların fəaliyyətində, eləcə də beynəlxalq tədbirlərdə istifadə edildiyi bildirilib. Azərbaycan dilinin isə dövlət dili kimi ölkənin bütün sahələrində aparıcı mövqeyə malik olduğu nəzərə çatdırılıb.
Seminar zamanı Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, qədim kökləri, türk dilləri ailəsində yeri, zəngin ifadə imkanları, ahəngi və üslub müxtəlifliyi barədə məlumat verilib. Dilin həm klassik ənənələri qoruması, həm də müasir dövrün tələblərinə uyğun inkişaf etməsi vurğulanıb. Eyni zamanda yad mənşəli sözlərin həddindən artıq istifadəsinin qarşısının alınması və dil saflığının qorunmasının əhəmiyyəti qeyd olunub, bu prosesdə təhsil sisteminin, ədəbi irsin və s. roluna toxunulub.
İnteraktiv davam edən seminarda iştirakçıların fikirləri dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.