Azedu.az

Bir vaxtlar institut olan universitetlər - status fərqi nədir?

Universitetlər

20 Fevral 2026, 09:19
Bir vaxtlar institut olan universitetlər - status fərqi nədir?
Azərbaycan hələ Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə və müstəqilliyin ilk illərində ali təhsil müəssisələri əsasən institut statusu daşıyırdı. 2000-ci illərdən sonra isə bu statuslu ali təhsil müəssisələrinin adları dəyişdirilərək universitet adını aldı.

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.

“İnstitut” və “Universitet” arasındakı fərqlər hansılardır?

Belə ki, institut peşəkar fəaliyyət sahəsində mütəxəssislərin hazırlanmasını, yenidən hazırlanmasını və peşəkar inkişafını təmin edən ali təhsil müəssisəsidir. Prinsipcə, institut hətta bir peşə üzrə də fəaliyyət göstərə bilər.

İnstitut adətən bir və ya bir neçə ixtisasa fokuslanır. Məsələn, texnika, tibb, pedaqogika və ya iqtisadiyyat sahəsində dərin peşə hazırlığı verir. Burada tədris proqramı daha çox praktik yönümlü olur və fakültələrin sayı nisbətən az ola bilər. Universitetlə müqayisədə institut daha dar profilli, ixtisaslaşmış və praktik yönümlü təhsil verir. İnstitutda akademik dərəcəsi və elmi adı olan müəllimlərin sayı 25-55% arasında dəyişə bilər.

Universitet isə çoxşaxəli ali təhsil mərkəzidir. Burada müxtəlif sahələr üzrə fakültələr, laboratoriyalar, elmi-tədqiqat bölmələri fəaliyyət göstərir və həm nəzəri, həm də praktik təhsil həyata keçirilir. Universitetlər bakalavr, magistr və doktorantura səviyyələrində təhsil verir, eyni zamanda geniş elmi-tədqiqat imkanları təqdim edir. Universitetlərdə müəllim heyətinin ən azı 60%-i akademik dərəcə və elmi ada malik olmalıdır.

Ümumilikdə institut digər təhsil müəssisəsinin tərkib hissəsi ola bilər, universitet isə müstəqil və muxtar qurum kimi fəaliyyət göstərir. Universitetin tərkibində institut fəaliyyət göstərə bilər.

1929-cu ildə yaradılmış Azərbaycan Müəllimlər İnstitutu 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Gəncə, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları olub. İnstitut Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildikdən sonra həmin filiallar ADPU-nun filialları kimi fəaliyyətini davam etdirib.

Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutu yenidən təşkil edilərək Mədəniyyət və İncəsənət Universitetinin tərkibinə daxil edilib.

Aşağıda əvvəl “İnstitut”, sonradan isə “Universitet” statusu alan ali təhsil müəssisələri sistemli və xronoloji ardıcıllıqla təqdim olunur:

Neft və sənaye sahəsi

M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
-1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası
- 2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Texniki sahə

Azərbaycan Politexnik İnstitutu
-1993-cü ildən Azərbaycan Texniki Universiteti

İqtisad sahəsi

Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
- 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti

Pedaqoji sahə

V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
- 1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti

M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu
- 2000-ci ildən Bakı Slavyan Universiteti

Naxçıvan Dövlət Pedaqoji İnstitutu
- Sonradan Naxçıvan Dövlət Universiteti

İdman sahəsi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu
- 2000-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- 2024-cü ildən Azərbaycan İdman Akademiyası

Dillər sahəsi

Azərbaycan Dövlət Xarici Dillər İnstitutu
- 2000-ci ildən Azərbaycan Dillər Universiteti

Tibb sahəsi

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
- 1991-ci ildən Azərbaycan Tibb Universiteti

Mədəniyyət və incəsənət sahəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu
- 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Aqrar sahə

Azərbaycan Dövlət Aqrar İnstitutu
- 2000-ci ildən Azərbaycan Dövlət Aqrar Universiteti

Memarlıq və inşaat sahəsi

Azərbaycan Dövlət Memarlıq və İnşaat İnstitutu
-  2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti

Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi
Son xəbərlərDaha çox