Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi fəaliyyət sahəsində son illərdə diqqətçəkən nəticələr əldə edib.
AzEdu.az xəbər verir ki, bununla bağlı universitetin rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında paylaşım edib.
Rektorun açıqladığı göstəricilərə əsasən, UNEC-in sahə üzrə istinad təsiri (FWCI) 2023–2026-cı illərdə 1-dən yüksək olub. Bu isə universitet alimlərinin elmi işlərinin dünya ortalaması ilə müqayisədə daha yüksək sitat təsirinə malik olduğunu göstərir.
2017–2026-cı illəri əhatə edən dövrdə Scopus bazasında UNEC-ə məxsus elmi əsərlərin sahə üzrə istinad təsiri 2,12 təşkil edib. Bu göstərici universitetin beynəlxalq elmi mühitdə artan nüfuzunu və tədqiqat keyfiyyətini əks etdirir.
Statistikaya əsasən, elmi əsərlərin 88 faizi, özünəistinad nəzərə alınmadan istinadların 92 faizi və istinad alan elmi əsərlərin 92 faizi 2020–2025-ci illərin payına düşür. Bu dövr ərzində bir məqaləyə düşən orta istinad sayı 9,9 olub, h-index isə 64-ə yüksəlib.
Açıqlanan rəqəmlər UNEC-də son illərdə elmi tədqiqatların intensivləşdiyini, beynəlxalq indekslənən bazalarda görünürlüğün artdığını və universitetin qlobal elmi məkanda mövqeyinin gücləndiyini göstərir.