Azərbaycan Universitetində bakalavriat səviyyəsi üzrə sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb. Ümumilikdə 479 tələbə müxtəlif dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatlarında istehsalat təcrübəsinə cəlb olunublar. 16 fevral 2026-cı il tarixində başlayan istehsalat təcrübəsi Turizm işinin təşkili; Muzey, arxiv işi və abidələrin qorunması ixtisaslarında 22 may 2026-cı il tarixinədək, digər ixtisaslarda isə 19 iyun 2026-cı il tarixinədək davam edəcək.
AzEdu.az xəbər verir ki, istehsalat təcrübəsinin başlanması məqsədilə keçirilən iclasda təcrübəçi tələbələr, təcrübə rəhbərləri, tədris şöbəsinin əməkdaşları və kafedra müdirləri iştirak edib. İclasda istehsalat təcrübəsinin mahiyyəti, təşkili və qiymətləndirilməsi ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Qeyd olunub ki, təcrübənin məqsədi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, onları əmək bazarının real tələbləri ilə tanış etmək və peşəkar iş mühitində ilkin təcrübə qazandırmaqdır.
Qeyd edək ki, istehsalat təcrübəsində Humanitar və sosial elmlər fakültəsi üzrə 359, Biznes və iqtisadiyyat fakültəsi üzrə 47, İnformasiya - kommunikasiya texnologiyaları fakültəsi üzrə isə 73 tələbə iştirak edir. Təcrübə yerlərinə dövlət və yerli idarəetmə orqanları; tərcümə və dil mərkəzləri; mədəniyyət, elm və təhsil müəssisələri; reabilitasiya və psixoloji xidmət mərkəzləri, turizm xidməti göstərən müəssisələr daxildir. Tələbələr ASAN xidmət, SOCAR, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyinin Probasiya Xidməti, “Bakcell”, Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalı, “Şəms” Tərcümə Mərkəzi, “Avrasiya” Tərcümə Mərkəzi, “Oykos” İnkişaf Mərkəzi, Bakı şəhəri Səbail Bələdiyyəsi, Azərbaycan İstiqlal Muzeyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, ”Oxbridge Academy”, “Planet Travel”, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı, “Kripton Business Solutions”, “Optima Business Solutions”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Riyaziyyat İnstitutu, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi kimi dövlət və özəl müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər.
Bununla yanaşı, magistratura səviyyəsi üzrə təhsil alan ikinci tədris ili tələbələrinin elmi-pedaqoji və elmi tədqiqat təcrübələrinə də start verilib. Təcrübə proqramında 7 ixtisas üzrə 53 magistrant iştirak edir. Elmi-pedaqoji təcrübə martın 13-də başa çatacaq. Elmi tədqiqat təcrübəsi isə 16 martdan 10 aprelədək davam edəcək.