Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi və Pannon Universitetinin rektoru Janos Abonyinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüş çərçivəsində AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə Pannon Universitetinin rektoru Janos Abonyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumda birgə elmi tədqiqat layihələrinin icrası, rəqəmsal texnologiyalar və innovativ tədris metodları üzrə əməkdaşlıq, su təsərrüfatı və ətraf mühitin idarə olunması sahəsində ortaq təşəbbüslər, akademik mobillik, professor-müəllim və tələbə mübadiləsi, eləcə də beynəlxalq konfranslar, simpoziumlar və qısamüddətli təlim proqramlarının təşkili nəzərdə tutulur.
Rektor, professor Gülçöhrə Məmmədova çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji xarakter daşıdığını vurğulayaraq, ölkə rəhbərləri arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin elm və təhsil sahəsində də uğurla davam etdiyini bildirib.
Rektor qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti artıq bir sıra Macarıstan universitetləri ilə əməkdaşlıq edir və Pannon Universiteti ilə imzalanan memorandum bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. O, xüsusilə rəqəmsallaşma, informasiya texnologiyaları, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə birgə layihələrin geniş perspektivlər açdığını vurğulayıb.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi öz çıxışında Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini, bu münasibətlərin universitetlərarası əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirib. O, AzMİU-ya Macarıstan universitetləri tərəfindən artan marağı xüsusi qeyd edərək, bu cür əməkdaşlıqların akademik mobilliyə və birgə elmi təşəbbüslərə mühüm töhfə verdiyini vurğulayıb.
Rektor Janos Abonyi AzMİU-da müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun ixtisasların tədris olunduğunu bildirib. O qeyd edib ki, AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsi, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi üzrə ixtisaslar Pannon Universitetində mövcud olan tədris və tədqiqat istiqamətləri ilə tam uyğunluq təşkil edir.Rektor imzalanan memorandumun yaxın perspektivdə ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, professor-müəllim və tələbə mübadiləsi səviyyəsinə yüksələcəyinə əminliyini ifadə edib.
Görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib, əməkdaşlığın yol xəritəsinin hazırlanması ilə bağlı təkliflər müzakirə olunub. Xüsusilə AzMİU-nun mütəxəssislərinin Pannon Universitetinə, eləcə də Macarıstan tərəfinin nümayəndələrinin AzMİU-ya qarşılıqlı səfərlərinin təşkili ilə bağlı ilkin razılıq əldə edilib.