"Postindustrial cəmiyyət şəraitində Azərbaycan universitetləri ənənəvi diplom verən tədris müəssisəsindən bilik istehsal edən, insan kapitalını formalaşdıran və regional iqtisadi inkişafı istiqamətləndirən strateji mərkəzə çevrilməlidir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professor qeyd edib ki, XXI əsrdə iqtisadi artımın əsas mənbəyi xammal və fiziki resurslar deyil, intellektual kapital, innovasiya və texnoloji çeviklik olduğuna görə ali təhsil sistemi də struktur və funksional baxımdan yenilənməlidir:
"Azərbaycan iqtisadiyyatı enerji əsaslı modeldən rəqəmsal və xidmət yönümlü modelə keçid mərhələsində olduğu üçün universitetlər əmək bazarının dəyişən tələblərinə operativ cavab verə bilən çevik institutlara çevrilməlidir.
Bu kontekstdə universitetlər regional insan kapitalı platforması funksiyasını yerinə yetirməli, əmək bazarının tələbi ilə kadr təklifinin qarşılaşdığı və tarazlaşdırıldığı analitik mərkəz kimi fəaliyyət göstərməlidir. Hər bir ali təhsil müəssisəsində əmək bazarının monitorinqini aparan, məzunların karyera trayektoriyasını izləyən və sektorlar üzrə bacarıq xəritəsi hazırlayan struktur bölmələrin yaradılması zəruridir.Postindustrial mərhələdə əsas auditoriya yalnız ənənəvi tələbə kontingenti deyil, eyni zamanda ixtisasını dəyişmək və ya biliklərini yeniləmək istəyən yetkin mütəxəssislərdir.
Bu səbəbdən universitetlər modul əsaslı, qısamüddətli və sertifikat yönümlü əlavə təhsil proqramlarını genişləndirməli və fasiləsiz təhsil modelini əsas funksiyalarından birinə çevirməlidirlər.Ali təhsil müəssisələrinin maliyyə modeli də dəyişməli, əlavə təhsil, korporativ sifarişlər və tədqiqat qrantları mühüm gəlir mənbəyinə çevrilməlidir.
Postindustrial cəmiyyətdə bütün universitetlərin eyni tipli olması səmərəli deyil, buna görə də sistem daxilində tədqiqat universitetləri, tətbiqi texnoloji universitetlər və regional tədris mərkəzləri kimi funksional diferensiasiya aparılmalıdır.Resursların səpələnməsi əvəzinə prioritet sahələr üzrə konsentrasiya təmin edilməli və seçilmiş istiqamətlərdə yüksək ixtisaslı doktorantura və tədqiqat məktəbləri formalaşdırılmalıdır".
İdarəetmə modelində akademik muxtariyyət genişləndirilməli, lakin bu muxtariyyət nəticəyönümlü hesabatlılıq və performans əsaslı qiymətləndirmə mexanizmi ilə balanslaşdırılmalıdır
"Universitet rəhbərliyinin seçimi və ya təyinatı akademik reputasiya, idarəetmə bacarığı və strateji baxış kimi meyarlar əsasında həyata keçirilməlidir.
Beynəlmiləlləşmə istiqamətində birgə diplom və ortaq elmi layihələrin genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.Rəqəmsal savadlılıq və süni intellekt bacarıqları bütün ixtisaslarda baza kompetensiya kimi tətbiq edilməli və tədris proqramları mütəmadi olaraq yenilənməlidir.
Universitetlər sənaye və biznes strukturları ilə institusional əməkdaşlıq qurmalı, fakültə səviyyəsində Sənaye Məsləhət Şuraları formalaşdırmalı və real sektorun sifarişləri əsasında proqramlar hazırlamalıdır.Əgər struktur transformasiya həyata keçirilməzsə, diplom inflyasiyası artacaq, məzunların əmək bazarı ilə uyğunluğu zəifləyəcək və intellektual miqrasiya sürətlənəcəkdir.
Əksinə, universitetlər postindustrial transformasiyanın aparıcı qüvvəsinə çevrilərsə, insan kapitalının keyfiyyəti yüksələcək, innovasiya ekosistemi güclənəcək və Azərbaycan ali təhsili beynəlxalq rəqabət mühitinə inteqrasiya olunacaqdır.Beləliklə, postindustrial cəmiyyətdə Azərbaycan universitetlərinin yeni modeli konseptual dəyişiklik deyil, milli inkişaf strategiyasının struktur elementi kimi formalaşdırılmalıdır".