Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının dosenti Ərşad Quliyevin yeni kitabı çap olunub. “Ət və ət məhsullarının texnologiyası” adlı nəşr qida mühəndisliyi sahəsində fundamental bilikləri əhatə edir.
AzEdu.az xəbər verir ki, kitabda ət və ət məhsullarının texnologiyası elmi əsaslar və müasir yanaşma ilə təhlil olunub. Müəllif ətin morfoloji və kimyəvi tərkibindən başlayaraq, heyvanların ilkin emalı, ətin saxlanması və dondurulması zamanı baş verən dəyişikliklər, yarımfabrikatların, kolbasa məmulatlarının, ət konservlərinin istehsal texnologiyalarını ətraflı şəkildə təqdim edir.
Bu dərs vəsaiti ali təhsil müəssisələrinin “Qida texnologiyası” ixtisası üzrə tədris proqramına tam uyğun hazırlanıb və yalnız nəzəri biliklər deyil, həm də istehsalat təcrübəsi üçün zəruri olan praktik məlumatları özündə cəmləşdirir.
Eyni zamanda, tədqiqatçılar və istehsalat sahəsində çalışan mütəxəssislər üçün də əhəmiyyətli bir istinad mənbəyi olacaq kitab ölkədə ət sənayesinin inkişafına və ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.