Bakı Mühəndislik Universiteti (BMU) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ali təhsil müəssisələrindən olan Xəlifə Universiteti arasında əməkdaşlığın inkişafı məqsədilə onlayn görüş keçirilib.
AzEdu.az xəbər verir ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül çıxışında Xəlifə Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərinə toxunub. O, ötən ay BMU nümayəndə heyətinin Xəlifə Universitetinə etdiyi rəsmi səfəri xatırladaraq, bu səfərin tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prorektor mühəndislik, texnologiya, innovasiya və elmi-tədqiqat sahələrində birgə layihələrin reallaşdırılması, mübadilə proqramları, həmçinin ikili diplom və digər akademik əməkdaşlıq imkanlarına diqqət çəkib.
Hər iki universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüş zamanı tərəflər iki universitet arasında mövcud əlaqələrin perspektivlərini müzakirə edərək, əlaqəli elmi sahələr üzrə birgə elmi layihələrin həyata keçirilməsi, tədqiqat əməkdaşlıqlarının qurulması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Həmçinin professor-müəllim heyəti səviyyəsində əməkdaşlığın gücləndirilməsi, birgə elmi nəşrlərin hazırlanması imkanları nəzərdən keçirilib. Tərəflər arasında institusional əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi istiqamətində ilkin razılığa gəlinib.
Xəlifə Universiteti BƏƏ-nin aparıcı ali təhsil ocaqlarından biri olmaqla, beynəlxalq reytinq cədvəllərində yüksək mövqeyə malikdir və elm, mühəndislik, texnologiya, tədqiqat sahələrində güclü akademik potensialı ilə seçilir.