Azedu.az

TələbəPlus-un imkanları artırılır: daha çox güzəşt tətbiq olunacaq

Universitetlər

9 Fevral 2026, 15:23
TələbəPlus-un imkanları artırılır: daha çox güzəşt tətbiq olunacaq

TələbəPlus layihəsi tələbələrin sosial rifahının yüksəldilməsi və onların təhsil, mədəniyyət və xidmət sektorlarında daha geniş imkanlara çıxışının təmin edilməsi məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir. Layihənin əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi çərçivəsində funksionallığın artırılması, rəqəmsal həllərin tətbiqi və tərəfdaş şəbəkəsinin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir. Bu yanaşma TələbəPlus-un daha çevik, əlçatan və tələbəyönümlü platforma kimi inkişafını hədəfləyir.

TələbəPlus layihəsinin əhatə dairəsi genişləndikcə layihə çərçivəsində hansı yeniliklərin tətbiqi nəzərdə tutulur? Əlavə funksionallıqların təqdim olunması planlaşdırılırmı?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova qeyd edib ki, TələbəPlus layihəsinin əhatə dairəsi genişləndikcə kartın funksionallığının artırılmasını, eləcə də tələbələr üçün daha əlçatan, çevik və rəqəmsal imkanların yaradılmasını prioritetləşdiririk:

“Tərəfdaş şəbəkəsi, mövcud güzəştlər, yeniliklər və digər imkanlarla bağlı məlumatlara daha operativ çıxış imkanı yaratmaq üçün yeni rəqəmsal həllər üzərində işlənilir. Bütün yeniliklər tələbə ehtiyacları və geri bildirişləri nəzərə alınmaqla həyata keçirilir.

2026-cı ildə daha 2 ali təhsil müəssisəsinin layihəyə qoşulması ilə TələbəPlus layihəsinə qoşulan universitetlərin sayı 27-yə çatdırılıb. Layihənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri ilə mütəmadi əməkdaşlıq görüşləri keçirilir, texniki və təşkilati inteqrasiya prosesi mərhələli şəkildə həyata keçirilir. Məqsəd TələbəPlus-un imkanlarını ölkənin bütün tələbələri üçün əlçatan etməkdir”.

Yeni qoşulan universitetlərlə birlikdə TələbəPlus layihəsindən faydalanan tələbələrin ümumi sayı 200 mindən çoxdur

“Bu göstəricinin artırılması üçün əsas strategiyalar universitet şəbəkəsinin genişləndirilməsi, tərəfdaş sayının artırılması, tələbələr arasında məlumatlandırma və maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də kartın təqdim etdiyi imkanların davamlı şəkildə təkmilləşdirilməsindən ibarətdir.

Yeni qoşulan ali təhsil müəssisələri üçün inteqrasiya prosesi ilkin razılaşma, texniki uyğunlaşdırma, universitetlər tərəfindən kartların sifariş olunması, məlumat mübadiləsi və tələbələrin məlumatlandırılması mərhələlərindən ibarət olur. Bu proses nəticəsində tələbələr güzəşt və imtiyazlardan daha operativ şəkildə yararlana, kartın təqdim etdiyi imkanlara asan çıxış əldə edə bilirlər.

Layihə çərçivəsində akademik resurslar, təlim və inkişaf mərkəzləri, mədəniyyət və sosial məkanlar, eləcə də xidmət sektorunda fəaliyyət göstərən qurumlarla əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir. Məqsəd tələbələrin həm təhsil, həm sosial aktivlik, həm də gündəlik xərclər baxımından daha əlverişli imkanlardan faydalanmasını təmin etməkdir. TələbəPlus layihəsi tələbəyönümlü yanaşma əsasında inkişaf etdirilir”.

ƏHALİYƏ ŞAD XƏBƏR! Bu şəxslərin maaşlarıı artırılacaq
Son xəbərlərDaha çox