Azedu.az

Kəsiri olmayan bütün tələbələrə təqaüddə güzəşt edilməlidir - TƏKLİF

Universitetlər

10 Fevral 2026, 09:15
Kəsiri olmayan bütün tələbələrə təqaüddə güzəşt edilməlidir - TƏKLİF

Təqaüd sistemi ali təhsil müəssisələrində tələbələrin motivasiyasını artırmaq, onların akademik göstəricilərini yüksək səviyyədə saxlamaq və istedadlı tələbələrin təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır. Lakin praktikada bəzən maraqlı və düşündürücü mənzərələr ortaya çıxır. Belə ki, birinci semestrdə təqaüd alan tələbələrin sayı ilə ikinci semestrdə bu imkandan yararlananların sayı arasında kəskin fərqlər müşahidə oluna bilir.

Maraqlıdır, təqaüd alan tələbələrin sayındakı bu fərqlərə hansı amillər təsir göstərir və mövcud təqaüd sistemində tələbələrin oxuma həvəsini və motivasiyasını artırmaq üçün hansı yeniliklər tətbiq oluna bilər?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

O bildirib ki, 30 nəfərlik bir qrupda yalnız 5 tələbənin təqaüd alması sistemin effektivliyinin yenidən qiymətləndirilməsini zəruri edir:

“Bildiyimiz kimi, əvvəlki illərdə yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüd almaq hüququna malik idilər və hər hansı bir fəndən kəsiri yarandıqda həmin hüquqdan məhrum olunurdular. Hazırda qüvvədə olan sistemdə isə tələbənin semestr ərzində topladığı ümumi kreditlər və bu kreditlər üzrə formalaşan orta müvəffəqiyyət göstəricisi əsas götürülür. Təqaüdlər də məhz bu ortalamalara uyğun olaraq verilir.

Məsələn, hər hansı bir qrupda 30 tələbə var və bu tələbələrdən 10 nəfərinin təqaüd alması nəzərdə tutulur. Bu zaman həmin 10 yer üçün müəyyən bir keçid ortalaması formalaşdırılır. Keçid ortalamasından yüksək nəticə göstərən tələbələr təqaüd alır, aşağı nəticə göstərənlər isə təqaüddən kənarda qalır. Eyni zamanda, hər hansı bir fəndən kəsiri olan tələbəyə təqaüd verilməsi mümkün deyil.

Əvvəlki sistemdən fərqli olaraq, hazırda ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr də yüksək akademik göstəricilərə malik olduqları halda təqaüd almaq hüququ qazanırlar. Ümumilikdə bu sistem müsbət və məntiqli görünür. Lakin bəzi hallarda müəyyən ədalətsizliklər də ortaya çıxır.

Məsələn, tutaq ki, 30 nəfərlik bir qrupda 20 tələbə dövlət sifarişi əsasında təhsil alır. Bəzi ixtisaslarda bu hal daha qabarıqdır və demək olar ki, bütün tələbələr dövlət sifarişlidir. Əgər birinci semestrdə bu 20 tələbənin hamısı təqaüd alırdısa, növbəti semestrdə imtahanların nisbətən çətin olması səbəbindən onların orta göstəriciləri aşağı düşə bilər. Nəticədə yalnız 5 tələbə müəyyən edilmiş keçid ortalamasını toplaya bilir, digərlərinin isə ya ortalaması aşağı olur, ya da kəsiri yaranır.

Yəni əgər birinci semestrdə 20 tələbə təqaüd alırdısa, ikinci semestrdə yalnız 5 nəfərin bu imkandan yararlanması artıq müəyyən obyektivlik probleminin mövcudluğunu göstərir. Bu halda yanaşmanın müəyyən qədər dəyişdirilməsinə ehtiyac var”.

Semestr imtahanlarında yalnız kəsiri olan tələbələrə təqaüd verilməməli, orta göstəriciyə görə kəskin azalmalar baş verməməlidir:

“Dəyişikliklərin müsbət tərəfi ondan ibarətdir ki, artıq ödənişli əsaslarla təhsil alan tələbələr də yüksək akademik nəticələr göstərdikləri halda təqaüd almaq imkanı əldə ediblər. Bu, çox müsbət və təqdirəlayiq təşəbbüsdür və beynəlxalq təcrübəyə də uyğundur.

Lakin bəzi hallarda imtahan suallarının həddindən artıq çətin hazırlanması və ya imtahan sisteminin ağır olması səbəbindən kəsilən tələbələrin sayı artır. Bu isə birbaşa olaraq həmin qrup üzrə təqaüd alan tələbələrin sayının kəskin azalmasına gətirib çıxarır. Məsələn, elə qruplar var ki, birinci semestrdə bütün tələbələr təqaüd alır, lakin ikinci semestrdə bu rəqəm 5-6 nəfərə qədər enir. Bu cür kəskin azalma düzgün tənzimlənmə hesab oluna bilməz.

Əgər hər hansı bir standart müəyyən edilirsə, bu standart təqaüd alanların sayının kəskin azalmasına deyil, sistemin davamlı və ədalətli işləməsinə xidmət etməlidir. Birinci semestrdə qrup üzrə 20 nəfər təqaüd alırsa, növbəti semestrlərdə yalnız orta göstəriciyə görə bu sayın ciddi şəkildə azalması məqsədəuyğun deyil.

Kəsiri olan tələbələrə təqaüd verilməməlidir - bu, qəbul olunmuş ümumi qaydadır. Lakin bütün fənlərdən müsbət nəticə əldə edən, imtahanlardan keçən, sadəcə orta göstəricisi bir qədər aşağı olan tələbələr üçün müəyyən güzəştlərin tətbiqi daha ədalətli olardı”.

Ramin Nurəliyev alternativ model kimi Kanada təcrübəsini nümunə göstərir:

“Mən təqaüd prinsipləri ilə bağlı alternativ bir model təklif edərdim. Xüsusilə Kanada təcrübəsi bu baxımdan çox effektivdir. Orada təqaüd birbaşa tələbənin ümumi təhsil haqqına tətbiq olunur. Məsələn, illik təhsil haqqı 10 min dollardırsa, tələbənin akademik nəticələrinə uyğun olaraq bu məbləğə güzəşt edilir. Tələbə nə qədər yüksək nəticə göstərirsə, əldə etdiyi güzəşt də bir o qədər çox olur.

Bu modeli təqaüd sisteminə də uyğunlaşdırmaq mümkündür. Məsələn, standart təqaüd məbləği 100 manat müəyyən edilir və tələbənin semestr üzrə nəticələrinə uyğun olaraq bu məbləğ artırılır.Tələbə 65 faiz nəticə göstəribsə, təqaüdü 165 manat olur, 85 faiz nəticə göstəribsə, 185 manat təşkil edir. Bu rəqəmlər şərtidir və mexanizm praktikaya uyğun şəkildə tənzimlənə bilər.

Eyni yanaşmanı ödənişli əsaslarla təhsil alan tələbələrə də tətbiq etmək olar. Bu zaman valideynlər də övladlarının daha yaxşı oxumasında maraqlı olacaqlar.

Hesab edirəm ki, bu cür yanaşma təqaüd sistemində ədalətlilik prinsipini gücləndirər və tələbələr arasında real, sağlam rəqabətin formalaşmasına ciddi töhfə verər”.

ƏHALİYƏ ŞAD XƏBƏR! Bu şəxslərin maaşlarıı artırılacaq
Son xəbərlərDaha çox