İnformasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal resursların istənilən vaxt əlçatan olması təhsildə yeni bir mərhələnin - elektronlaşma dövrünün başlanğıcını qoyub.
Artıq universitetlər yalnız fiziki auditoriyalardan ibarət məkanlar deyil, e-öyrənmə platformaları, interaktiv dərs alətləri və rəqəmsal idarəetmə sistemləri ilə zənginləşən kompleks təhsil ekosistemlərinə çevrilir. Lakin buna baxmayaraq, hələ də bəzi müəllimlər ənənəvi üsullarla, 90 dəqiqəlik mühazirə mətnini yazdırmaqla tədrisi həyata keçirməyə çalışır ki, bu da elektronlaşmanın real potensialından istifadəyə ciddi maneə yaradır.
Bu kontekstdə haqlı sual meydana çıxır: Azərbaycanda universitetlər rəqəmsallaşmanın çağırışlarına adekvat cavab verə bilirmi?
Mövzu ilə bağlı AzEdu.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov açıqlama verib.
Bizə yalnız təmiri ilə görüntü yaradan deyil, tələbəyə qlobal rəqabət üçün real imkanlar açan universitetlər lazımdır:
"Müasir ali təhsil modelində rəqəmsallaşma sadəcə texniki alətlərin tətbiqi deyil, universitet ekosisteminin intellektual renessansı - “Ağıllı Universitet” konsepsiyasıdır. Beynəlxalq təcrübədə bu model adaptiv öyrənmə mühitlərini, süni intellektə əsaslanan məlumat idarəetməsini və kurikulumların rəqəmsal iqtisadiyyatın dinamikasına uyğunlaşdırılmasını əhatə edir. Lakin milli təhsil mühitində rəqəmsallaşma hələ də mahiyyətdən daha çox forma xarakteri daşıyır. Universitetlər müasir infrastruktura malik olsalar da, metodoloji baxımdan hələ də “analoq təfəkkürün” təsiri altındadırlar. Bizə yalnız zahiri görünüşlə kifayətlənən deyil, tələbəyə qlobal rəqabət mühitində real üstünlüklər qazandıran universitetlər lazımdır".
Müəllim artıq biliyin yeganə mənbəyi deyil:
"İnformasiya texnologiyalarının inkişafı biliyə çıxışı demokratikləşdirib və informasiyanın köhnəlmə sürətini xeyli artırıb. Belə bir şəraitdə auditoriyada 90 dəqiqəlik mühazirə mətni yazdırmaq praktikası akademik effektivliyini tamamilə itirib. Müəllim artıq biliyin yeganə mənbəyi deyil. O, öyrənmə prosesinin moderatoru, mentoru və fasilitatorudur. Mövcud reallıqda isə bir çox mühazirələr statik və köhnəlmiş informasiya bazasına əsaslanır. Bu yanaşma tələbədə tənqidi təfəkkürü inkişaf etdirmək əvəzinə, onu passiv şəkildə məlumat qəbul edən bir “repozitoriya”ya çevirir. Saniyələr ərzində əldə edilə bilən informasiyanın kağıza köçürülməsi tələbəni müasir dünyanın intellektual çağırışlarından uzaqlaşdırır və onu əmək bazarında rəqabət qabiliyyətsiz vəziyyətə salır. Bu isə gələcək iqtisadiyyatın tələb etdiyi 4K bacarıqları - kreativlik, kritik düşüncə, kommunikasiya və kooperasiya ilə ziddiyyət təşkil edir".
Ənənəvi test formatı "robot-məzunlar" yetişdirir:
"Ali təhsilin keyfiyyətini rəqəmsal dövrün tələblərinə uyğunlaşdırmaq üçün mühazirə otaqları passiv dinləmə məkanlarından aktiv müzakirə meydanlarına çevrilməlidir. Müəllimin rolu informasiya ötürücüsündən strateji rəhbərə transformasiya olunmalıdır. Qiymətləndirmə sistemi də bu dəyişimin ayrılmaz hissəsi olmalıdır. Ənənəvi test formatı əksər hallarda təfəkkür sahibi deyil, “robot-məzunlar” yetişdirir. Müasir qiymətləndirmə real startap layihələri, multidissiplinar tədqiqatlar (həmmüəllifi olduğum “Fənn münasibətləri - yeni biliklər istehsalı” adlı monoqrafiyada bu mövzu ətraflı araşdırılıb və universitetlər üçün konkret tövsiyələr verilib) və ya sənaye tərəfdaşları ilə birgə hazırlanmış real iş ssenarilərinin praktik həlli formasında həyata keçirilməlidir.
Dünya təcrübəsində universitet təkcə diplom verən qurum deyil, eyni zamanda məzununun ilk investoru və inkubatorudur. Universitetlər “diplom fabriki” funksiyasından uzaqlaşmalı, bilik və bacarıqların əmək bazarının real tələbləri ilə uzlaşdığı, innovasiyaların istehsal edildiyi hibrid intellektual mərkəzlərə çevrilməlidir. Əks halda, zahiri bəzək universitetin məzmunca funksionallığını və gələcək quruculuğu missiyasını təmin edə bilməz".
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib ki, son illərdə Azərbaycan universitetləri rəqəmsallaşma və Avropa təhsil məkanına inteqrasiya istiqamətində mühüm nailiyyətlər əldə ediblər:
“QS və Times Higher Education kimi beynəlxalq reytinq təşkilatlarının hesabatlarında ali təhsil müəssisələrimizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu göstəricilər bütün universitetlərə şamil edilməsə də, bir sıra yerli ali məktəblərdə təhsilin keyfiyyəti və tədris proqramları artıq Avropa standartları ilə tam rəqabət aparacaq səviyyəyə çatıb.
Hazırda bir çox universitetdə "Ağıllı Universitet" konsepsiyası və vahid Tələbə Məlumat Sistemi uğurla tətbiq olunur. Müxtəlif proqram təminatlarından istifadə edilsə də, əsas məqsəd eynidir - tələbə qeydiyyatı, davamiyyət və qiymətləndirmə daxil olmaqla bütün akademik proseslərin tam elektronlaşdırılması”.