Lənkəran Dövlət Universitetinin (LDU) İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosenti, pedaqoji elmlər namizədi Arif İsmayılovun 75 illiyi münasibətilə çalışdığı kafedrada tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, yubiley tədbirini kafedranın müdiri, filologiya elmləri namizədi, dosent Ayəddin Əliyev açaraq yubilyara ilk öncə universitetin rektoru prof. Natiq İbrahimovun təbrikini çatdırıb. Bildirib ki, LDU-da səmərəli fəaliyyətinə və 75 illik yubiley münasibətilə dos. Arif İsmayılov universitetin fəxri-fərmanına və pul mükafatına layiq görülüb. Dos. Ayəddin Əliyev çıxışında A. İsmayılovun LDU-da çalışdığı 20 ilə yaxın müddətdə pedaqoji kadrların hazırlanmasında böyük əməyi olduğunu, pedaqoji-elmi bacarıqlarını daim yenilədiyini, elmi-metodiki məqalələrinin təhsil problemlərinin aktual məsələlərinə həsr olunduğunu xüsusi vurğulayıb.
Kafedra əməkdaşları adından yubilyara xatirə hədiyyələri təqdim edilib. Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dos. Afaq Qasımova, kafedranın müəllimləri çıxış edərək yubilyara xoş arzularını bildiriblər.
Sonda çıxış edən dos. Arif İsmayılov əməyinə verilən dəyərə, göstərilən diqqətə görə LDU-nun rektoru, prof. Natiq İbrahimova və kafedra əməkdaşlarına minnətdarlığını bildirib, bundan sonrakı fəaliyyətində də ona göstərilən etimadı doğruldacağını deyib.