2023-cü ildən fəaliyyətə başlayan Qarabağ Universiteti qısa müddətdə təhsil ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıb. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, ali təhsil müəssisəsi artıq region universitetləri arasında abituriyentlər tərəfindən ən çox seçilən universitetlərdən birinə çevrilib.
Qarabağ Universitetini seçən tələbələr üçün yataqxana imkanlarının mövcudluğu da bu marağı artıran əsas amillərdən biridir. Digər tərəfdən, universitetin qəbul ballarının kifayət qədər yüksək olması burada təhsilə ciddi maraq və rəqabətin formalaşdığını göstərir. Abituriyentlər bu ali təhsil müəssisəsinə qəbul olmaq üçün real və güclü seçim mühiti ilə üz-üzə qalırlar.
Bəs Qarabağ Universiteti abituriyentlər üçün hansı üstünlükləri ilə seçilir? Gənclərin məhz bu ali təhsil müəssisəsində təhsil almaq istəmələrinin əsas səbəbləri nələrdir?
Ümumiyyətlə, paytaxtın aparıcı ali məktəbləri ilə müqayisədə Qarabağ Universitetini fərqləndirən cəhətlər hansılardır?
AzEdu.az bu suala cavab tapmaq üçün Qarabağ Universiteti fəaliyyətə başladığın gündən etibarən orada fəaliyyət göstərən İncəsənət fakültəsinin baş müəllimi, Musiqişünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli ilə həmsöhbət oldu.
Aybəniz müəllim Qarabağ Universitetində Azərbaycan musiqi tarixi, Musiqi nəzəriyyəsi, Musiqi tarixi, Azərbaycan xalq musiqisinin əsasları fənlərini tədris edir.

Müsahibimiz qeyd edib ki, keyfiyyətli tədris və pedaqoji heyət əsasında qurulan Qarabağ Universiteti, qısa fəaliyyət müddətinə baxmayaraq, təcrübəli müəllimlər və müasir tədris metodları ilə digər universitetlərdən fərqlənməyi bacarıb:
"Universitet iki ildir ki, tədris fəaliyyətinə başlayıb. Mən də ilk gündən burada çalışıram. İlk növbədə qeyd etməliyəm ki, Azərbaycan təhsilinin hazırkı mərhələsi yeniliklərə, innovasiyalara və beynəlxalq inteqrasiyaya açıq bir dövrdür. Qarabağ Universitetində fəaliyyət göstərən fakültələrdə bu yenilikçi metodlar tətbiq olunur. Xüsusilə çalışdığım İncəsənət fakültəsi ilə bağlı daha açıq və dəqiq fikir söyləyə bilərəm. Çünki burada istifadə etdiyimiz tədris metodikası konkret olaraq ABŞ təhsil modelləri əsasında formalaşdırılıb.
Bəzən gənclər elə düşünürlər ki, bu metodların tətbiqi yalnız ingilis dilində tədrislə mümkündür. Halbuki, tədris hazırda Azərbaycan dilində aparılır. Müəllimlər ingilis dilində olan mənbələri mənimsəyir və onları Azərbaycan dilində tələbələrə ötürməyi bacarırlar.
Bu gün abituriyentin qarşısında duran əsas məqsəd odur ki, indiyədək əldə etdiyi baza bilikləri ilə kifayətlənməsin, olduğu yerdə dayanmadan irəliyə doğru addımlasın. Təəssüf ki, belə bir yanaşma var: "Universitetə daxil oldunsa, artıq tam uğur qazanmısan". Bundan sonra isə tələbələrdə oxumaq və özünü inkişaf etdirmək istəyi zəifləyir.
Qarabağ Universitetində isə bu yanaşma mövcud deyil. Burada tələbədən daim inkişaf, çalışqanlıq və nəticə gözlənilir. Əgər tələbə özünü yalnız universitetə qəbul olmaqla məhdudlaşdırırsa, bu, sonrakı imtahan və qiymətləndirmə mərhələlərində aşkarlanacaq. Bu yanaşma xarici universitetlərin təcrübəsində mövcuddur və biz də onu tətbiq edirik".
Bu gün Qarabağ Universitetinin adı artıq regionda və ümumilikdə Azərbaycanda seçilir və tədricən xarici universitetlər arasında da tanınır:
"Scopus kimi beynəlxalq elmi bazalarda Qarabağ Universitetinin adının yer alması çox mühüm göstəricidir. Gənclərin gələcək karyeralarının möhkəm təməlinin belə bir universitetdə qoyulması olduqca vacibdir.
Digər önəmli məqam tələbələrin burada müstəqil həyat bacarıqları qazanmasıdır. Yəni onlar valideynlərdən kənar yaşamağı və öz həyatlarını təşkil etməyi öyrənirlər. Bu baxımdan dövlət tərəfindən pulsuz təhsil və yataqxana imkanlarının təmin olunması böyük üstünlükdür. Eyni zamanda yataqxanalarda tələbələr üçün münasib qiymətə keyfiyyətli qida təminatı mövcuddur ki, bu da onların əsas qayğılarından birini aradan qaldırır. Beləliklə, tələbələr bütün diqqətlərini dərsə və özünüinkişafa yönəldə bilirlər.
Xankəndi elə də böyük şəhər deyil və burada istər müəllimlər, istər tələbələr bir-biri ilə daim ünsiyyətdə olurlar. Təsadüfi deyil ki, Qarabağ Universiteti artıq regionda bir ailə kimi tanınır. Tələbələrin asudə vaxtları nəzarətli, amma sərbəst şəkildə təşkil olunur. Müxtəlif müzakirələr, debatlar və intellektual görüşlər keçirilir. İncəsənət fakültəsindəki konsertlər, sərgilər, seminarlar və film nümayişləri tələbələrin gündəlik həyatını daha maraqlı və yaradıcılıq dolu edir".
Qarabağ Universitetində tələbələrə daim fərdi dəstək göstərilir:
"Bunu təhsil alan gənclərimiz də birbaşa təsdiq edə bilər. Müəllimlər tələbələrin inkişafını yaxından izləyir və mentor-mentee əlaqələri əsasında Mentorship proqramı tətbiq olunur. Bu, gənclərin öz potensialını inkişaf etdirməsi üçün əlverişli mühit yaradır.
Buradakı təbiət və təmiz hava da xüsusi vurğulanmalıdır. Gənclərin bu cür sağlam mühitdə yaşamaları onların fiziki və psixoloji inkişafı üçün çox önəmlidir.
Qarabağ Universitetində bakalavr təhsilini bitirən tələbələrin sonradan xarici ölkələrdə magistr təhsili almaları daha asan və uğurlu olur. Burada keçirilən dərs prosesi və tədris mərhələləri onların gələcəyi üçün geniş imkanlar və işıqlı yol açır".