Azedu.az

BMU-da 9-cu BoostCamp layihəsinə start verilib

Universitetlər

2 Fevral 2026, 12:27
BMU-da 9-cu BoostCamp layihəsinə start verilib

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları (İT) və elektronika ilə əlaqəli sahələrdə təhsil alan tələbələr üçün “BoostCamp 9” layihəsinə start verilib.  

BMU-dan AzEdu.az-a bildirilib ki, layihə hər il tələbələrin qış tətili müddətində təşkil olunur və əsas məqsədi kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, elektrik və elektronika, mexatronika və robototexnika, həmçinin proseslərin avtomatlaşdırılması mühəndislikləri üzrə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir.  

Tədbirin açılışında BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək layihə çərçivəsində keçirilən sürətləndirilmiş dərslərin tələbələrin peşəkar inkişafına təsirini vurğulayıb. Qeyd olunub ki, BoostCamp-da müxtəlif iri şirkətlərdə çalışan peşəkarlarla görüşlər və aparılan müzakirələr tələbələrin tətil müddətini daha səmərəli keçirməsinə, İT sahəsində düzgün istiqamət seçməsinə kömək edir.

Sonra layihə rəhbəri Cəfər Hüseyn çıxış edib. Bildirilib ki, layihəni fərqləndirən əsas cəhətlərdən biri mentorların könüllü şəkildə öz bilik və təcrübələrini paylaşan əsasən BMU-nun yuxarı kurs tələbələri və əvvəlki BoostCamp məzunları olmasıdır. Təşkilati komanda tərəfindən texniki, sosial bacarıqları uyğun olan son kurs tələbələri və məzunlar seçilərək mentor kimi fəaliyyətə cəlb edilir. 

Nəzərə çatdırılıb ki, 9-cu BoostCamp layihəsinə müraciət edən 200 tələbə arasından 86 nəfəri seçilərək iştirakçı hüququ qazanıb. 28 təcrübəli mentor tərəfindən keçiriləcək təlimlər zamanı praktik tapşırıqlar yerinə yetiriləcək və layihənin sonunda iştirakçılardan mini-proyekt təqdim etmələri tələb olunacaq. Bundan əlavə, iştirakçıların sosial bacarıqlarının inkişafı və zehni yorğunluğunun azaldılması məqsədilə müxtəlif oyunlar təşkil ediləcək. Həftəsonları isə sənaye təcrübəsinə malik İT mütəxəssisləri öz sahələri üzrə yol xəritələrini, karyera təcrübələrini, qarşılaşdıqları çətinlikləri və verdikləri doğru qərarları iştirakçılarla bölüşəcəklər.

Qeyd edək ki, layihə indiyədək 330-dan çox gənci əhatə edib. Layihənin məzunları hazırda vahid platformada birləşərək yerli və xarici şirkətlərdə iş imkanları, təcrübə proqramları, xaricdə təhsil, startap təşəbbüsləri və digər mövzularda bir-birinə dəstək göstərir, vaxtaşırı onlayn görüşlər təşkil edirlər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox