“Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası” Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilib və cari ilin ikinci yarısınadək tətbiqinə başlanılması nəzərdə tutulur.
Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, elektron təhsil sənədləri yeni məzunlara məzun olduqdan sonra hər hansı formada müraciət tələb olunmadan veriləcək:
“Elektron təhsil sənədləri uyğun kağız daşıyıcılarda olan təhsil sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir. Əvvəlki illərdə təhsilini tamamlamayan şəxslərin təhsil məlumatları TMİS-ə təhsil aldıqları müəssisə tərəfindən təmin ediləcək. Elektron təhsil sənədləri müvafiq qanunvericiliyə əsasən fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edir.
Təhsil sənədlərinin paralel kağız daşıyıcıda verilməsi nəzərdə tutulmur. Diplom sahibləri özləri təhsil sənədlərini çap edərək kağız daşıyıcıda saxlaya və ya müvafiq qanunvericiliyə uyğun hər hansı yerə təqdim edə bilərlər. Rəqəmsal formaya keçidlə bağlı qarşıya çıxa biləcək təhlükə və risklər nəzərə alınaraq qabaqlayıcı tədbirlər görüləcək. Elektron təhsil sənədlərinin itirilməsi halı mümkün deyil”.