UNEC-də noyabr ayından etibarən start verilən “Akademik İnkişaf və İnnovativ Tədris” Təlim Proqramı uğurla başa çatıb.
Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.
UNEC-in Təhsil və Təlimin Mükəmməlliyi şöbəsi tərəfindən universitetin pedaqoji heyəti üçün təşkil olunan proqramın əsas məqsədi müəllimlərin müasir tədris metodikası, innovativ təhsil texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi məqsədilə keçirilən tədbirdə Təhsil və Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva çıxış edərək təlim prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC-in 100 müəllimini əhatə edən təlim proqramı onların peşəkar inkişafına töhfə verməklə yanaşı, müəllimlər arasında şəbəkələşməni gücləndirib, müzakirə və debatlar üçün yeni platforma yaradıb.
Qeyd olunub ki, proqram çərçivəsində UNEC-in 100 müəllimi üçün müxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq və süni intellektlə tədris materiallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları” və digər aktual mövzuları əhatə edib. Məqsəd müəllimlərin peşəkar inkişafını dəstəkləmək və müasir təhsil yanaşmalarının universitet mühitində tətbiqini genişləndirmək olub.
Tədbirdə çıxış edən UNEC rektoru professor Ədalət Muradov UNEC-də müəllimlər üçün çoxsaylı təlimlərin keçirildiyini bildirib. O, ilk dəfə olaraq keçirilən bu təlimlərin müəllimlərin konkret sahələr üzrə biliklərini deyil, birbaşa müəllimlik bacarıqlarını gücləndirməyə xidmət etdiyini diqqətə çatdırıb.
Rektor qeyd edib ki, sürətlə dəyişən texnologiyalar təhsil sahəsindən də yan keçmir və bu reallıq müəllimlərin rəqəmsal bacarıqlara yiyələnməsini zəruri edir: “Rəqəmsal həllər müəllimin gücünü artırır. Bu bacarıqlara yiyələnən müəllimlər daha güclü olur və biliklərini auditoriyaya daha effektiv şəkildə təqdim edə bilirlər.”
Professor Ədalət Muradov bildirib ki, UNEC artıq layihə əsaslı tədris modelinə keçid edib və bu yanaşma mərhələli şəkildə digər fakültələrdə də tətbiq olunacaq. Eyni zamanda Çevrilmiş tədris (Flipped education) modelinin də genişləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin fakültə idarəetməsində də yeni yanaşmalar tələb etdiyini vurğulayıb.
Müəllimlərin əmək haqqının diferensiallaşdırılması və dərəcələndirilməsi məsələsinə də toxunan rektor qeyd edib ki, gələcəkdə müəllimlərin əməkhaqqı artımı onların inkişaf səviyyəsi və özünüinkişaf fəaliyyətləri ilə birbaşa bağlı olacaq.
Tədbirdə çıxış edən təlim iştirakçıları proqramın əhəmiyyətindən, qazandıqları bacarıqlardan və xüsusilə süni intellekt alətlərindən istifadə etməklə tədris materiallarının hazırlanmasının vaxt itkisini azaltdığını, dərsləri daha interaktiv və tələbə yönümlü etdiyini bildiriblər. Onlar yaradılan imkanlara görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Sonda UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçılarını təbrik edərək onlara sertifikatları təqdim edib.