Lənkəran Dövlət Universitetində universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Əlirza Əliyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və yubilyarı universitetin rektoru, prof. Natiq İbrahimovun adından təbrik edərək xoş arzularını çatdırıb. Dos. Zaur Məmmədov 80 yaşlı yubilyarın LDU-da pedaqoji kadrların hazırlanmasındakı rolundan ətraflı danışıb, bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib. Sonra Əlirza Əliyevə 80 illik yubileyi münasibətilə təltif olunduğu Lənkəran Dövlət Universitetinin “Fəxri-fərmanı”ı və pul mükafatı təqdim edilib.
LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, filologiya elmləri doktoru, prof. Yədulla Ağazadə, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Qədim Rufullayev, İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosenti Arif İsmayılov çıxışlarında yubilyarın LDU-dakı uzunmüddətli fəaliyyətindən söz açaraq Əlirza müəllim
haqqında xoş arzularını dilə gətiriblər. Çıxışlarda dos. Əlirza Əliyevin LDU-da pedaqoji kadrların hazırlanmasındakı xidmətlərindən, elmi, pedaqoji, bədii yaradıcılığından geniş bəhs edilib, yubilyara yeni uğurlar arzulanıb.
Dos. Əlirza Əliyev çıxış edərək ona göstərilən diqqət və qayğıya görə universitetin rektoru, prof. Natiq İbrahimova, çalışdığı fakültənin və kafedranın əməkdaşlarına təşəkkür edib, minnətdarlıq bildirib.
Sonda xatirə şəkilləri çəkilib.