Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti üçün differensial əməkhaqqı tətbiq olunacaq.
AzEdu.az-a mövzu ilə bağlı Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Dosent Natəvan Namazova açıqlama verib.
Müsahibimiz qeyd edib ki, bu yanaşma ali təhsil sisteminin qlobal elm məkanına inteqrasiyasını sürətləndirməyi hədəfləyir və müasir universitet modelinin əsas tələbləri ilə uyğunluq təşkil edir:
"Mingəçevir Dövlət Universitetində professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən differensial əməkhaqqı və stimullaşdırma qaydaları ali təhsil sahəsində son illər həyata keçirilən ən mühüm institusional islahatlardan biri kimi qiymətləndirilir.
Təqdim olunan qaydalar Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasında strateji və müsbət mərhələ olmaqla yanaşı, ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti ilə uzlaşır.
Sənədin ümumi fəlsəfəsi nəticə əsaslı qiymətləndirmə, beynəlxalq elmi nəşrlərə təşviq və şəffaf mexanizmlər vasitəsilə akademik fəaliyyətin obyektiv ölçülməsi prinsiplərinə əsaslanır. Bu yanaşma ali təhsil sisteminin qlobal elm məkanına inteqrasiyasını sürətləndirməyi hədəfləyir və müasir universitet modelinin əsas tələbləri ilə uyğunluq təşkil edir".
Qaydalar xüsusilə elmi-tədqiqat və layihə fəaliyyətlərinin stimullaşdırılmasına yönəlib:
"Cənab Prezident İlham Əliyevin elm və təhsil sahəsinə dair çıxışlarında da universitetlərin beynəlxalq elm məkanına inteqrasiyası, elmi nəticələrin artırılması və rəqabətqabiliyyətli akademik mühitin formalaşdırılması ali təhsilin əsas inkişaf istiqamətləri kimi qeyd olunub.
Eyni zamanda Elm və Təhsil Nazirliyinin ali təhsil siyasətində performansa əsaslanan stimullaşdırma mexanizmlərinin tətbiqi müasir universitet modelinin mühüm elementi kimi təqdim olunur. Mingəçevir Dövlət Universitetində qəbul edilən differensial əməkhaqqı sistemi bu strateji yanaşmaların universitet səviyyəsində praktik reallaşmasına xidmət edir.
Qaydaların nəticəyə fokuslanması təsadüfi deyil və strateji xarakter daşıyır. Elm və ali təhsil sahəsində müasir idarəetmə yanaşmaları göstərir ki, akademik fəaliyyətin qiymətləndirilməsi ölçülə bilən və beynəlxalq müqayisəyə açıq göstəricilər əsasında aparılmalıdır.
Bu baxımdan qaydalar xüsusilə elmi-tədqiqat və layihə fəaliyyətlərinin stimullaşdırılmasına yönəlib. Stimullaşdırma mexanizmi əlavə akademik dəyər yaradan, universitetin elmi nüfuzunu artıran fəaliyyətlərin təşviqini nəzərdə tutur".
Sistem eyni zamanda gənc tədqiqatçıların elmi fəaliyyətə daha fəal cəlb olunmasını stimullaşdırmaqla insan kapitalının inkişafını dəstəkləyəcək:
"Bu yanaşma beynəlxalq ali təhsil praktikasına tam uyğundur və universitetlərin tədqiqat yönümlü inkişaf modelinə keçidini sürətləndirir. Elmi məhsul yaradan istiqamətlərin nəticələri əsas prioritet kimi seçilib. Belə ki, beynəlxalq referatlaşdırma və indeksləmə sistemlərinə (bazalarına) daxil olan (Web of Science və Scopus çərçivəsində indeksləşmiş) dövri elmi nəşrlərdə çap edilmiş elmi əsərlər (məqalə, konfrans materialı, kitablar və s.), patentlər, layihə nəticələri və beynəlxalq sertifikatlar nəzərdə tutulub.
Müvafiq tədris ili üzrə əmsallar aşağıdakı kimi müəyyən edilir:
reytinq siyahısında 1-10-cu yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 30% artırılır;
reytinq siyahısında 11-20-ci yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 20% artırılır;
reytinq siyahısında 21-30-cu yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 10% artırılır.
Universitet rəhbərliyinin mövqeyinə görə, differensial əməkhaqqı və stimullaşdırma sistemi Mingəçevir Dövlət Universitetində sağlam akademik rəqabətin formalaşmasına, elmi fəallığın artmasına və beynəlxalq indekslərdə təmsil olunma səviyyəsinin yüksəlməsinə real töhfə verəcək.
Nəticə etibarilə Mingəçevir Dövlət Universitetində tətbiq olunan differensial əməkhaqqı və stimullaşdırma mexanizmi dəyişiklik tələb edən sənəd deyil, ardıcıl və sabit tətbiq olunmaqla nəticə verəcək strateji idarəetmə alətidir. Bu sistem universitetin uzunmüddətli inkişaf məqsədlərinə xidmət etməklə ali təhsil sahəsində keyfiyyət, şəffaflıq və rəqabətlilik prinsiplərini möhkəmləndirir".