Azedu.az

Universitetlərdə akademik qiymətləndirmə: Elmi tədqiqatlar maaşa təsir edir?

Universitetlər

13 Yanvar 2026, 11:33
Universitetlərdə akademik qiymətləndirmə: Elmi tədqiqatlar maaşa təsir edir?

Universitetlərdə elmi tədqiqatların yoxlanılması və qiymətləndirilməsi akademik fəaliyyətin keyfiyyətinin təmin edilməsində mühüm rol oynayır. Bu proses elmi araşdırmaların mövcud normativ tələblərə, etik prinsiplərə və metodoloji standartlara uyğunluğunun müəyyənləşdirilməsinə xidmət edir. Elmi tədqiqatların yoxlanılması nəticəsində əldə olunan obyektiv qiymətləndirmə elmi nəticələrin etibarlılığını artırır.

Mövzu ilə bağlı AzEdu.az ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, təxminən 2017/2018-ci tədris ilindən etibarən professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi həyata keçirilir:

"Bu qiymətləndirmə əsasən elmi fəaliyyətə əsaslanır, lakin bununla yanaşı universitetin və ölkənin akademik mühitində iştirak, ictimai və sosial fəaliyyətlər də nəzərə alınır. Bütün bu fəaliyyətlər müxtəlif indikatorlar üzrə ölçülür və yekunda hər bir müəllimin müəyyən bir performans göstəricisi formalaşır.

Bu performans göstəricilərinə əsasən, sabit əməkhaqqından əlavə stimullaşdırıcı əlavələr verilir. Yəni müəyyən göstəricilərə çatan müəllimlər əlavə ödənişlərlə mükafatlandırılırlar. Eyni zamanda, cari ilin sentyabr ayında Pedoqoji Universitetin Elmi Şurasında professor-müəllim heyətinin dərs yükünün azaldılması və onların tədqiqata yönləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Bu qaydalara görə, həm potensialı olan, həm də öz istəyi ilə müraciət edən müəllimlər arasından müəyyən faiz seçilərək onların dərs yükü azaldılır. Əməkhaqqı və digər həvəsləndirici şərtlər qorunmaqla, boşalan vaxt onların elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Yəni məqsəd odur ki, dərs yükü azalsın, amma müəllim tədqiqatla daha fəal məşğul ola bilsin".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) əldə etdiyimiz məlumata əsasən, 5 ildən çoxdur ki, differensial əməkhaqqı mexanizmi mövcuddur:

"Differensial əməkhaqqının məqsədi ondan ibarətdir ki, aktiv elmlə məşğul olan və elmi fəaliyyət, qrant və beynəlxalq layihələrdə iştirak edən hər bir şəxs üçün müəyyən bir bal toplanır və bu toplanmış ballar üzrə həmin şəxsin əməkhaqqına əlavə differensial maaş əlavə olunur. Yəni, bir il ərzində göstərilən fəaliyyətin nəticəsində növbəti ildə, hər ay üçün o şəxs əlavə maaş alır.

Ümumiyyətlə, qiymətləndirmə mexanizminin tam qaydaları mövcuddur. Eyni zamanda universitetdə bu məlumatların daxil edilməsi üçün rəqəmsal platforma var. Hər bir müəllim ilin sonunda həmin platformada formaları doldurur. Bizim Tədqiqat Departamenti isə bu məlumatların doğruluğunu yoxlayır və qiymətləndirməni aparır. Bu platformanın daim təkmilləşdirilməsi və gələcəkdə daha geniş bir sistem üzərindən həyata keçirilməsi də planlaşdırılır.

İkincisi, elmi fəaliyyətin qiymətləndirilməsinin əsas meyarları. Əsas meyarlar Web of Science və yaxud Scopus üzərində məqalələrin qiymətləndirilməsidir. Təbii ki, Scopus indeksli jurnallarda qiymətləndirmə əsasında onun Q1, Q2, Q3, Q4 kvartillərindəki məqalələr üçün xüsusi qiymətləndirmə forması nəzərdə tutulur. Təbii ki, bu da əlavələrin əməkhaqqı ilə bağlıdır".

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, müəllim və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi Universitetin Elmi Şurasının qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat fəaliyyətinin monitorinqi və qiymətləndirmə mexanizmi” əsasında aparılır:

Qiymətləndirmə zamanı əsas meyarlar bunlardır: Tədqiqatın aktuallığı və beynəlxalq elmmetrik bazalarda əhatəliliyi, Tədqiqata cəlb olunan insan resursları,Təbiət və texnika elmləri üzrə müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların mövcudluğu və əlçatanlığı, Sosial və humanitar elmlər üzrə müasir məlumat bazalarının mövcudluğu və istifadəsi və Elmi-tədqiqat fəaliyyətinin monitorinqi prosesi.

Universitetdə elmi və tədris fəaliyyətinin qiymətləndirilməsi üçün vahid rəqəmsal platforma mövcuddur. Platformada universitetin bütün struktur bölmələrini əhatə edən klasterlər, o cümlədən tədris və elm klasteri fəaliyyət göstərir və aktiv şəkildə istifadə olunur".

Milli Aviasiya Akademiyasından (MAA) verilən məlumata görə, müəllim və tədqiqatçıların elmi fəaliyyəti strateji sənədlərə əsaslanan, ölçülə bilən göstəricilər üzərindən qurulmuş institusional mexanizm vasitəsilə qiymətləndirilir:

"Bu mexanizm 2024-2030-cu illəri əhatə edən Elmi Tədqiqat Strategiyası və rektorun müvafiq əmrləri ilə təsdiqlənmiş normativ sənədlər əsasında tətbiq olunur.

Elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsi MAA-da 2024-cü ildən etibarən fəaliyyət göstərən Elmi informasiya və patent şöbəsi tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Şöbə akademik heyətin elmi məhsuldarlığını illik və rüblük əsasda toplayır, təhlil edir və nəticələri Elmi Şuraya təqdim edir. Bu yanaşma elmi fəaliyyətin təsadüfi deyil, sistemli şəkildə qiymətləndirilməsini təmin edir.

MAA-da elmi fəaliyyətin qiymətləndirilməsində əsas ağırlıq beynəlxalq elmmetrik bazalarda indeksləşən nəticələrə verilir. Xüsusilə “Scopus” və “Web of Science” bazalarında indekslənmiş məqalələrin sayı, həmin məqalələrə edilən istinadlar (citation index), H-indeks göstəriciləri, impakt faktorlu jurnallarda nəşrlər əsas qiymətləndirmə meyarları sırasında yer alır. Bu göstəricilər üzrə monitorinq davamlı aparılır və analitik hesabatlar hazırlanır.

Hazırda Milli Aviasiya Akademiyasında elmi fəaliyyətin qiymətləndirilməsi elmmetrik göstəricilərin “Scopus” və “Web of Science” kimi beynəlxalq rəqəmsal platformalar üzərindən davamlı izlənilməsi, əldə olunan nəticələrin isə daxili analitik cədvəllər, hesabatlar və vahid reyestr əsasında sistemləşdirilməsi yolu ilə həyata keçirilir.

Bu çərçivədə elmmetrik məlumatların vahid reyestr və “dashboard” formatında toplanması, dinamik təhlil və monitorinq imkanları yaratmaqla, faktiki olaraq elmi fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal platforma funksiyasını yerinə yetirən inteqrə olunmuş mexanizm kimi tətbiq olunur.

MAA-da təşkil olunan və beynəlxalq elmi dövriyyədə tanınan  simpoziumlar (“Pilotsuz Sistemlər: Süni İntellekt, Dizayn və Səmərəlilik” - ISUDEF’24 və International Sustainable Transportation Symposium - ISTRAS’25) elmi fəaliyyətin qiymətləndirilməsində mühüm alət kimi çıxış edir. Bu tədbirlərin materiallarının Springer nəşriyyatında dərc olunması və Scopus bazasında indeksləşməsi müəlliflərin elmi aktivliyinin rəsmi göstərici kimi nəzərə alınmasına imkan yaradır.

2025-ci ildən etibarən MAA-da akademik heyətin elmi aktivliyinin qiymətləndirilməsi mükafatlandırma mexanizmi ilə birbaşa əlaqələndirilmişdir. Nəticəyə əsaslanan bu yanaşma elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq görünürlüyün artırılmasına xidmət edir.

Ümumilikdə, Milli Aviasiya Akademiyasında elmi fəaliyyətin qiymətləndirilməsi strateji sənədlərə əsaslanan, elmmetrik göstəricilər üzərindən ölçülən, beynəlxalq indekslənməni prioritet sayan, mərhələli rəqəmsallaşmaya yönəlmiş institusional model əsasında həyata keçirilir.Bu model mövcud rəqəmsal mexanizmin funksional imkanlarının genişləndirilməsi və inteqrasiyası əsasında yaxın illərdə vahid rəqəmsal platforma səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində inkişaf etdirilir".

ADA Universitetindən bildirilib ki, professor-müəllim heyətinin elmi fəaliyyətinin qiymətləndirilməsi çoxmeyarlı və mərhələli mexanizm əsasında aparılır və illik performans qiymətləndirməsi sistemi üzərində qurulub:

"Hazırda vahid rəqəmsal platforma şəklində tam inteqrasiya olunmuş bir sistem mövcud olmasa da, Scopus, Web of Science, Google Scholar, SciVal kimi beynəlxalq məlumat bazalarından, eləcə də universitetin daxili elektron hesabat sistemlərindən geniş istifadə olunur. Orta müddətdə bu mənbələri birləşdirən vahid institusional platformanın yaradılması nəzərdə tutulur.

Qiymətləndirmənin əsas meyarlarına nüfuzlu indeksli jurnallarda nəşrlər, sitat göstəriciləri, elmi layihələrdə iştirak və qrantların cəlbi, beynəlxalq əməkdaşlıq və birgə nəşrlər, eləcə də tədqiqat nəticələrinin tədrisə və cəmiyyətə transferi daxildir. Bu göstəricilər həm karyera irəliləyişi, həm də mükafatlandırma mexanizmlərində nəzərə alınır".

Lənkəran Dövlət Universitetindən (LDU) məlumat verilib ki, LDU-da professor-müəllim heyətinin tədris və elmi tədqiqat fəaliyyətinin qiymətləndirilməsi mexanizmi üzrə işlər tamamlanmayıb, davam etdirilir:

"Yekunlaşdırıldıqdan sonra məlumat hamıya əlçatan olacaq, universitetin rəsmi saytında və s. məlumat yerləşdiriləcək".

Azərbaycan Universitetindən bildirilib ki, müəllimlərin elmi fəaliyyəti illik hesabatlar əsasında qiymətləndirilir və bu qiymətləndirmə xüsusi bal cədvəli üzrə həyata keçirilir:

"İndekslənən elmi jurnallarda dərc olunmuş məqalələr, elmi konfrans materialları, dərs vəsaitləri, monoqrafiya və digər metodiki vəsaitlərin çapına görə toplanan ballar müəllimlərin illik əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsində nəzərə alınır. Əsas meyar müəllimlərin indekslənən jurnallarda elmi fəaliyyətidir.Bu qiymətləndirmə üçün elektron platforma yoxdur. Tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, universitetdə 2025/2026-cı tədris ilindən etibarən diferensial əməkhaqqı sistemi tətbiq edilir. Sistemin əsas məqsəd elmi fəaliyyətin keyfiyyətini və məhsuldarlığını yüksəltmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək, onların peşəkarlığını və motivasiyasını yüksəltməkdir. Əməkhaqqının diferensiallanması bir neçə istiqamət üzrə həyata keçirilir. Buraya elmi göstəricilər, pedaqoji fəaliyyətin monitorinqi, universitetin Təlim - Tədris Mərkəzinin təşkil etdiyi özünüinkişaf  modullarında iştirak fəaliyyəti də daxildir".

Azərbaycan Texniki Universitetindən (AzTU) qeyd edilib ki, akademik heyətin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi hər il və müəyyən edilmiş normativ qaydalar əsasında həyata keçirilir:

"Qiymətləndirmə prosesi universitet üzrə vahid və şəffaf mexanizmin təmin edilməsi məqsədilə AMAS elektron platforması vasitəsilə aparılır.

AMAS platforması elmi nəşrlər, istinadlar, patentlər və elmi layihələr üzrə məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını, müvafiq təsdiqləyici sənədlərlə rəsmiləşdirilməsini və beynəlxalq elmi meyarlar əsasında obyektiv qiymətləndirilməsini təmin edir. Daxil edilmiş məlumatlar yoxlanıla bilən və müqayisəolunan göstəricilər əsasında təhlil olunur.

Qiymətləndirmə nəticələri universitetdə tətbiq olunan diferensial əməkhaqqı sisteminin formalaşdırılmasında əsas göstəricilərdən biri kimi istifadə edilir, eyni zamanda akademik performansın ölçülməsi, təşviq və mükafatlandırma mexanizmlərinin tətbiqi, karyera inkişafı və illik hesabatların hazırlanması məqsədlərinə xidmət edir".

Dövlət Gömrük Komitəsinin Akademiyasından (DGKA) əldə etdiyimiz məlumata görə, xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq Gömrük Akademiyasında elmi fəaliyyətin qiymətləndirilməsi hazırda daxili qaydalar əsasında həyata keçirilir:

"DGKA-da Elmi fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi Akademiyanın 2026-2030 illəri əhatə edən Strateji planında da yer alıb".

Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, universitetdə müəllimlərin professor-müəllim heyətinin elmi və tədris fəaliyyətləri artıq differensial əməkhaqqı sistemi əsasında qiymətləndirilir.

"Bu sistem çərçivəsində müəllimin ümumi fəaliyyət göstəricisi 100 ballıq şkala üzrə hesablanır. Onun 40 balı elmi-tədqiqat fəaliyyətinə, 30 balı isə tədris fəaliyyətinə aid edilir. Beləliklə, ümumilikdə 70 bal müəllimin elmi və tədris fəaliyyətlərini əhatə edən meyarlar əsasında formalaşır.

Qiymətləndirmə meyarlarını əks etdirən müvafiq cədvəl hazırlanmış və Universitet Şurası tərəfindən təsdiq edilmişdir. Professor-müəllim heyətinin fərdi fəaliyyət göstəriciləri bu meyarlara uyğun olaraq mütəmadi toplanır və təhlil edilir.

Universitet üzrə ən yüksək bal toplamış müəllimlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə onların əməkhaqlarına il ərzində müxtəlif pul mükafatları və əlavələr tətbiq olunur. Bu yanaşma akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və elmi-pedaqoji potensialın inkişafına xidmət edir".

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox