2026-cı ildə əmək bazarında tələb olunan bacarıqlar artıq təkcə nəzəri biliklərlə məhdudlaşmayacaq; analitik düşüncə, texnoloji savadlılıq, etik məsuliyyət və çevik uyğunlaşma qabiliyyəti əsas rol oynayacaq.
Bu baxımdan ali və orta ixtisas təhsili müəssisələrinin gələcək tələblərə cavab verən yeni ixtisaslar yaratması vacibdir. Yeni ixtisaslar həm gənclərin işsizlik riskini azaltmağa, həm də ölkələrin qlobal rəqabət qabiliyyətini artırmağa xidmət edəcək. 2026-cı ildə yaradılması mümkün və zəruri olan ixtisasları araşdırmaq gələcəyin cəmiyyətini formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır, hansı yeni ixtisasların yaradılmasına ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, dünya artıq “sürətli dəyişiklik” mərhələsini keçib və indi “davamlı yeni tətbiqlər” dövrünə qədəm qoyur:

"Əmək bazarı bu tətbiqetmənin ən dinamik sahəsidir və təhsilin gələcəyini də məhz bu bazarın tələbləri müəyyənləşdirir. Yeni dövrün reallığını artıq peşələr yox, bacarıqlar dəyişir. 2025-2026-cı illərdə aparılmış beynəlxalq tədqiqatlar göstərir ki, qlobal iş bazarında rəqəmsal və analitik bacarıqlar artıq ən yüksək dəyərə sahibdir. Ənənəvi nəzəri biliklər təkbaşına kifayət etmir. İşəgötürənlər indi adaptiv düşünən, problem həll edə bilən, süni intellektlə işləməyi bacaran gənclər axtarır.
Yeni iqtisadi modelin ən həssas nöqtəsi düşünürəm ki, artıq kibertəhlükəsizlikdir. Hər dövlətin informasiya sistemi, bank sektoru və hətta təhsil infrastrukturu artıq hücumların hədəfindədir. Avropa ölkələrində aparılan araşdırmalar göstərir ki, 2028-ci ilə qədər 3,5 milyon kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq. Bu o deməkdir ki, universitetlər “rəqəmsal hüquq və etik idarəetmə”, “AI təhlükəsizliyi” kimi ixtisasları artıq bu ildən tədris proqramlarına daxil etməlidirlər".
Rəqəmsal təhlükəsizlik sadəcə texnoloji məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir:
"O zaman düşünməliyik ki, ənənəvi ixtisaslar hansı riski daşıyır? Ənənəvi peşələrin bir hissəsi avtomatlaşdırma qarşısında artıq geridə qalıb. Mühasibatlıq, klassik inzibati idarəetmə, sadə tərcümə və hətta jurnalistikanın bəzi formaları yaxın 5 ildə süni intellekt tərəfindən qismən əvəzlənəcək. Amma bu, həmin sahələrin yox olması demək deyil. Sadəcə onlar yeni bacarıqlarla yenidən doğulacaq. Məsələn, “dijital mühasibatlıq”, “media analitikası” və “AI əsaslı hüquq analizi” kimi alt ixtisaslar meydana gələcək. Bizim üçün isə düşünməli olduğumuz əsas sual belə olmalıdır: bizim təhsil sistemi necə dəyişməlidir? Ölkəmizdə hələ də ən böyük problem təhsilin strukturundadır. Təhsil artıq bir dəfəlik mərhələ deyil, davamlı proses olmalıdır. Bizim təhsil sistemimizdə hələ də 2026-cı ilədək ən çox tələb olunan 10 bacarıqdan 7-si hazırda formal olaraq tədris edilmir.
Buna görə də universitetlər “lifelong learning”, yəni ömürboyu təhsil modelinə keçməli və tələbələrə təkcə ixtisas deyil, həm də “öyrənməyi öyrənmə” bacarığı verməlidir. Yeni ixtisaslar bu keçidi təbii şəkildə sürətləndirəcək. “Rəqəmsal etik hüquq”, “bioinformatika və genetik məlumat analitikası”, “yaşıl texnologiya mühəndisliyi”, “süni intellekt pedaqogikası”, “virtual reallıq dizaynı” kimi istiqamətlər artıq bir çox ölkədə tədris planına daxil edilib. Səhv etmirəmsə, bizdə bu ixtisaslar hələ də tədris proqramına daxil edilməyib. Gənclər üçün istiqamət məsələsinə gəldikdə isə, 2026-cı il və sonrasında gənclər artıq “təhlükəsiz” (maddi təminatı təmin edəcək) deyil, gələcək yönümlü ixtisaslar seçməlidirlər".
S.Əliyeva bu il ən çox tələbat görülən sahələrə də diqqət çəkib:
"2026-cı ildə ən çox tələb görəcək sahələr - süni intellekt mühəndisliyi və data analitika, kibertəhlükəsizlik və rəqəmsal etik idarəetmə, bioinformatika və biotexnologiya, iqlim texnologiyaları və yaşıl enerji iqtisadiyyatı, rəqəmsal dizayn, metaverse memarlığı, psixotexnologiya və insan-AI qarşılıqlı əlaqəsi olacaq. Bu istiqamətlərdə çalışan insanlar yalnız texnoloq deyil, həm də insani dəyərləri qoruyan mütəxəssislər olmalıdır. Çünki texnologiyanın özü yox, onun insanlığa xidmət forması gələcəyi müəyyən edəcək. Yeni ixtisaslar yaratmaq sadəcə təhsil qərarı deyil, bu, ölkənin gələcəyinə qoyulan strateji sərmayədir.
Əgər biz 2026-cı ildən etibarən təhsildə çevik, analitik və rəqəmsal əsaslı yanaşmaya keçsək, gənclərimiz nəinki iş tapa biləcək, həm də bu ölkənin rəqəmsal iqtisadiyyatında lider rol oynayacaqlar. Dünya dəyişir; indi bizim qarşımızda duran əsas məsələ budur. Biz bu dəyişiklikləri idarə edən tərəf olacağıqmı, yoxsa sadəcə izləyən tərəf kimi qalacağıq? Ümid edirəm, bu suala universitetlərimizin akademik heyəti mənim dediklərimdən daha dəqiq cavab verə bilər. Biz sadəcə müşahidələrimiz əsasında açıqlama veririk, tövsiyələr verə bilirik; qərar verən tərəf isə təhsil siyasətini formalaşdıran qurumdur".