Bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63.025 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 96,6%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (29 962 nəfər) təhsil almaq hüququ qazanıb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Magistratura səviyyəsində faktiki tələbə qəbulu son illərdə artım dinamikası nümayiş etdirib. Belə ki, 2021/2022-ci tədris ilində 10.484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14.335 nəfərə çatıb, bu da 3.851 nəfər və ya təxminən 37% artım deməkdir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17.558 plan yerindən 14.335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 81,7%-nin faktiki olaraq təmin edildiyini göstərir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsində 7.094 nəfər (40,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
2025-2026-ci tədris ilində fəlsəfə doktoru proqramı üzrə ümumilikdə 1.177 qəbul yeri proqnozlaşdırılıb. Bu yerlərdən 744-ü (63%) ali təhsil müəssisələrində, 433-ü (37%) isə elmi müəssisələrdə nəzərdə tutulub. Ali təhsil müəssisələrində planlaşdırılan qəbul yerləri dövlət sifarişi əsasında, elmi müəssisələr üzrə planlaşdırılan qəbul yerləri isə dövlət büdcəsi hesabına və ödənişli əsaslarla nəzərdə tutulub. Planlaşdırılan qəbul yerlərinin 64.3% və ya 757 yer dolub. Qəbul olanların 484 nəfəri (64%) ali təhsil müəssisələrinə, 273 nəfəri (36%) isə elmi müəssisələrə qəbul olub.
2025-2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramı çərçivəsində dissertanturaya tələbə qəbulu dayandırılıb, eyni zamanda elmlər doktoru proqramı üzrə də tələbə qəbulu planlaşdırılmayıb.