Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən hazırlanmış və Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş “Probasiya fəaliyyətində sosial adaptasiya və reabilitasiya: nəzəri və praktiki məsələlər” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, Probasiya xidmətinin rəisi Vüqar Ağayev, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, probasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, habelə probasiya nəzarətində olan yetkinlik yaşına çatmayan şəxslər, probasiya könüllüləri və probasiya üzrə icra məmurları iştirak ediblər.
AzEdu.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev kitabın probasiya fəaliyyətinin müasir tələblər əsasında inkişaf etdirilməsi, sosial reabilitasiya və reinteqrasiya mexanizmlərinin elmi əsaslarla formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, nəşrin probasiya əməkdaşları və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edib.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təqdimatı keçirilən kitabın universitet ilə Probasiya Xidmətinin mütəxəssisləri arasında qurulan səmərəli elmi əməkdaşlığın nəticəsi olduğunu bildirib. Rektor qeyd edib ki, bu əməkdaşlıq tələbələrin yalnız nəzəri biliklər əldə etməsinə deyil, həm də real probasiya praktikası əsasında formalaşan tətbiqi bacarıqlar qazanmasına şərait yaradır. Kitab sosial iş təhsilində probasiya, sosial adaptasiya və bərpaedici ədliyyə mövzularının sistemli şəkildə tədrisinə mühüm töhfə verəcək, eyni zamanda gələcək tədqiqatlar və yeni nəşrlər üçün möhkəm elmi baza rolunu oynayacaq.
Digər çıxış edənlər kitabın ali təhsil müəssisələrində sosial iş, psixologiya və pedaqogika ixtisasları üzrə tədris prosesinə mühüm töhfə verəcəyini bildirib, nəşrin akademik mühitdə praktiki yönümlü dərs vəsaiti kimi xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Təqdimat mərasimi kitab ətrafında elmi müzakirələrlə davam edib. İştirakçılar nəşri probasiya nəzarətində olan şəxslərin sosial adaptasiya və reabilitasiyası sahəsində maarifləndirici vəsait və mühüm elmi mənbə kimi yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin son Amnistiya aktı ilə cəzadan azad olunmuş, əvvəllər probasiya nəzarətində olmuş üç nəfər yetkinlik yaşına çatmayan şəxsə sertifikatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, kitabın müəllifləri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev, Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisi Səyyad Məcidov və Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyovadır. Kitab çap olunaraq müvafiq akademik qurumlara paylanılıb.