2025-ci ilin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.
Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.
Maraqlıdır, Azərbaycan Universiteti (AU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?
Universitetdən sorğumuza cavab olaraq qeyd olunub ki, 2025-ci il Azərbaycan Universiteti üçün yenə mühüm yeniliklər və əlamətdar hadisələrlə yadda qalır.
Həyata keçirilən layihələr, aparılan islahatlar, görülmüş ardıcıl və məqsədyönlü işlər böyük hədəflərə istiqamətlənir və universitetin fəaliyyətində yeni ənənələr formalaşdırır.
Professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə 2025/2026-cı tədris ilindən diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu sistemə əsasən pedaqoji heyətin fərdi elmi fəaliyyət göstəriciləri nəzərə alınaraq formalaşan reytinq siyahısına əsasən əmək haqqlarına diferensial əlavələr edilir.
İtaliyanın Tuscia Universiteti ilə MBA proqramının marketinq istiqaməti üzrə 2023-cü ildən tətbiqinə start verilən beynəlxalq ikili diplom proqramının ilk məzun buraxılışı olub. Yerli və xarici tələbələrə açıq olan magistratura proqramında dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris edilir.
Ömürboyu təhsilə dəstək: Təlim- Tədris Mərkəzinin fəaliyyəti təkmilləşdirilib və keçirilən təlimlər daha sistemli xarakter alıb
Payız semestri ərzində pedaqoji heyətin akademik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində 4 təlim modulu təşkil olunub.
Elmi Şuranın qərarı ilə magistrant və doktorantlar üçün nəzərdə tutulan “Paradigma” elmi jurnalı təsis edilib. 2023-cü ildən nəşr olunan “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib, həmçinin Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasinda dissertasiyalarin əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin fəlsəfə və sosiologiya elmləri üzrə siyahısına daxil edilib.
Sentyabr ayından “Ulduz tələbə” layihəsinə start verilib
Layihənin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir. Layihə bakalavriat tələbələrinə şamil olunur və ulduz tələbələr imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçilir. Ulduz tələbələr seçildikləri semestr müddətində hər ay 100 manat məbləğində təqaüd alırlar.
Azərbaycan Universitetinin 2025-ci ildə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirilib, beynəlmiləlləşmə və institusional inkişaf istiqamətində də mühüm işlər görülüb. Universitet həmçinin beynəlxalq akademik mühitdə fəallığını qoruyub saxlayıb, beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edib. Belə ki, Azərbaycan 2025-ci ildə ilk dəfə dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi”ndə (Shanghai Ranking) riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunub.
Azərbaycan Universiteti reytinqdə 301-400-cü pillələr arasında yer alıb ki, bu ölkə üzrə ən yüksək göstəricidir. Digər yandan universitet dünyanın nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi və reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib. Azərbaycan Universitetinin nümayəndə heyəti noyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025”də (QS Eurasia Forum 2025) iştirak edib və universitetin fəaliyyətinin 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı QS təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli bu tədbirdə rektor Səadət Əliyevaya təqdim edib.
Azərbaycan Universiteti cari təqvim ilində “ScholarGPS®” qlobal reytinqində və “Round University Ranking” (RUR) reytinqlərində ön sıralarda yer alıb
Universitet “ScholarGPS®” qlobal platformasında ölkəni təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ikinci yerdə qərarlaşıb. RUR reytinqindəki ümumi göstəricilərə əsasən isə ölkə üzrə 4-cü yerdədir və ötənilki mövqeyini qorumağa davam edir.
Azərbaycan Universitetinin elmmetrik bazalardaki göstəriciləri də müsbət dinamikaya malikdir. WEB of Science bazası üzrə Azərbaycan Universitetinin Hirş indeksi 39-a yüksəlib. Ötən il bu rəqəm 34 olub. Bu bazada indekslənən jurnallarda universitet əməkdaşlarının 77 məqaləsi çap olunub. Məqalələrə olan istinadların sayı isə 1260-dır. Azərbaycan Universiteti Hirş indeksinə görə ölkə universitetləri arasında 5-ci, məqalə sayına görə 8-ci, istinad sayına görə isə 7-cidir.
Azərbaycan Universitetinin Scopus bazası üzrə Hirş indeksi 2025-ci ildə 42-yə çatıb. Bu rəqəm 2024-cü ildə 37 olub. Scopus bazasında indekslənən jurnallarda 2025-ci ildə universitet əməkdaşlarının 89 məqaləsi çap olunub və məqalələrə 1833 istinad olunub. Azərbaycan Universiteti ölkənin ali məktəblərinin bu iki göstərici üzrə sıralamasında 5-ci yerdə qərarlaşıb. Qeyd olunan bazada indekslənən jurnallarda universitetin professor-müəllim heyətinin məqalələrinə 2025-ci ildə 1833 istinad olunub ki, istinad sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 6-cı yerdədir.
Tələbə kontingenti kəmiyyət və keyfiyyət cəhətdən təkmilləşib
Tələbələrin beynəlxalq olimpiada və müsabiqələrdə təmsilçilik və iştirakları yüksək nəticələrlə müşayiət olunub. Xüsusilə vurğulanmalıdır ki, İnformasiya kommunikasiya texnologiyaları fakültəsinin tələbələri ICPC beynəlxalq proqramlaşdırma müsabiqəsində yüksək nəticələr göstəriblər.
Müsabiqənin 1/8 və 1/4 final mərhələlərində iştirak edən universitet komandasının üzvləri hər iki mərhələdə əldə etdikləri nəticəyə görə 3-cü dərəcəli sertifikatla təltif olunublar. Müsabiqənin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 1/2 final mərhələsinin yekunlarına görə isə Azərbaycan Universitetinin komandası yüksək nailiyyət sertifikatına, tələbəsi isə fərdi yarışda üçüncülük diplomuna layiq görülüb.
Bütün bunlar həm müəllimlər, həm də tələbələr üçün daha əlverişli və inkişaf yönümlü mühitin inkişafına xidmət edir, Azərbaycan Universitetinin beynəlxalq səviyyədə görünürlüyünü artırır, həmçinin növbəti ilin hədəf və prioritetlərinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.