Azedu.az

Rusiyada ali təhsildə dönüş: ödənişli qəbul azalır, özəl universitetlər risk altındadır

Universitetlər

29 Dekabr 2025, 09:38
Rusiyada ali təhsildə dönüş: ödənişli qəbul azalır, özəl universitetlər risk altındadır

"Rusiyada ali təhsil sistemində struktur dəyişiklikləri 2026-cı ildən etibarən daha sərt mərhələyə keçir. Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Valeri Falkovun açıqlamasına görə, 2026-cı il qəbul kampaniyasında universitetlərin ödənişli (kommersiya) şöbələrinə qəbul ediləcək abituriyentlərin sayı əvvəlki illə müqayisədə 45 min nəfər, yəni təxminən 13 faiz azalacaq.

Nazirin sözlərinə görə, ixtisarlar əsasən humanitar və sosial-iqtisadi istiqamətləri əhatə edəcək. Xüsusilə iqtisadiyyat, menecment, hüquq, dövlət və bələdiyyə idarəetməsi kimi sahələrdə ödənişli yerlərin sayı ciddi şəkildə məhdudlaşdırılacaq".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor bildirib ki, rəsmi mövqeyə əsasən, son üç ildə Rusiyada mühəndis-texniki ali təhsilə tələbat davamlı şəkildə artır:

"2025/26-cı il qəbul kampaniyasında isə ən çox seçilən ixtisas maşınqayırma olub. Hökumət bu tendensiyanı ölkənin texnoloji suverenliyinin və real sektorun inkişafının əsas şərti kimi qiymətləndirir.Yeni məhdudiyyətlər xüsusilə özəl universitetlər üçün ağır nəticələr vəd edir. Çünki qeyri-dövlət ali məktəblərinin əksəriyyəti məhz prioritet sayılmayan humanitar və sosial ixtisaslar üzrə geniş ödənişli qəbul hesabına fəaliyyət göstərir. Rəsmi proqnozlara görə, özəl universitetlərdə ödənişli yerlərin azaldılması təxminən 20 faizə çatacaq.

Valeri Falkovun açıqlaması ali təhsil sektorunda ciddi rezonans doğurub. Nazir açıq şəkildə bildirib ki, “əgər özəl universitetlərdə keyfiyyətsiz təhsil seqmenti aradan qaldırılsa, onların bir çoxu fəaliyyətini dayandıracaq və bu proses yaxın vaxtlarda baş verəcək”.

Xatırladaq ki, ödənişli qəbulun “iqtisadiyyat üçün tələb olunmayan ixtisaslar” üzrə məhdudlaşdırılacağı barədə qərar hələ fevral ayında ictimaiyyətə açıqlanmışdı. Mayın sonunda isə prezident hökumətə universitetlərdə kommersiya yerlərinin sayını tənzimləmək səlahiyyəti verən qanunu imzalayıb. Qanun sentyabr ayından qüvvəyə minib.

Ekspertlərin fikrincə, bu qərar Rusiyada ali təhsilin bazar yönümlü modeldən dövlət prioritetlərinə əsaslanan sərt planlaşdırma modelinə keçdiyini göstərir. Qısa müddətdə bu addımlar əmək bazarına uyğun kadr hazırlığını gücləndirə bilər. Lakin uzunmüddətli perspektivdə akademik müxtəlifliyin azalması, humanitar elmlərin zəifləməsi və özəl ali təhsil sektorunun daralması kimi risklər də istisna edilmir".

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox