2025-ci ilin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.
Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.
Maraqlıdır, Bakı Ali Neft Məktəbi (BANM) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?
BANM-dən sorğumuza cavab olaraq qeyd olunub ki, 2025-ci il də SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) üçün bir sıra mühüm yeniliklər və nailiyyətlərlə yadda qalıb.
Prezident təqaüdçülərinin sayına görə yeni rekord
Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində növbəti dəfə rekorda imza atdı. Bir neçə ildir ardıcıl olaraq Prezident təqaüdçülərinin sayına əsasən liderliyini qoruyan Bakı Ali Neft Məktəbi bu il rekordunu yeniləyərək 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu oldu.
İki yeni ixtisasın açılması
Bakı Ali Neft Məktəbində bu il iki yeni ixtisasa - Maliyyə və Data analitikası qəbul həyata keçirilməyə başlanıldı. Hər iki ixtisas ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu.
Təkcə bir faktı qeyd etmək olar ki, II qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbənin 12-si yeni açılmış Maliyyə ixtisasının tələbəsi oldu.
Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə uyğun ixtisaslarda qəbul həyata keçirir. Bazarın tələblərini nəzərə alaraq Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Data analitikası ixtisasına qəbul həyata keçirilməyə başlanıldı. İlk dəfə qəbul aparılmasına baxmayaraq bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu.
Məzunların işləmə göstəricisi üzrə lider
Ali təhsil müəssisəsinin uğuru həm də onun məzunlarının işlə təmin olunma göstəricisi ilə müəyyənləşir. Bakı Ali Neft Məktəbinin məzunlarının işlə təminolunma göstəricisi 100%-dir. BANM məzunları SOCAR-da və müxtəlif transmilli şirkətlərdə, dövlət qurumlarında, nüfuzlu müəssisələrdə çalışırlar. Dövlət Məşğulluq Agentliyinin statistikası da bunu sübut edir. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il üzrə məzunları ən çox iş tapan TOP 5 universitetin siyahısında Bakı Ali Neft Məktəbi liderdir.
Startap və innovasiyalar sahəsində liderlik
Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar universiteti kimi də tanınır. Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə edilib.
Bakı Ali Neft Məktəbi bu il də “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb olub. Şimali Kipr Türk Respublikası və Türkiyədə (İstanbul) keçirilən “Teknofest” Aerokosmik və Texnologiya Festivallarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin komandaları ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat (1-i fərdi) qazanıblar.
“IDDA Awards 2025” uğurları
Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzi, həmçinin Mərkəzin rəhbəri Emiliya Əhmədova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards 2025” müsabiqəsində aşağıdakı mühüm uğurları əldə edib:
Ekosistem Lokomotivi —Emiliya Əhmədova, I yer;
İKT-də İlin Qadını — Emiliya Əhmədova, I yer;
İlin Ekosistem Oyunçusu — BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, III yer;
İlin Bacarıq Gücü — BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, II yer.
Tələbə uğurları: beynəlxalq yarışlarda qalibiyyət
Hər il olduğu kimi bu il də tələbələrimiz bir çox uğurlara imza atdılar. Onlar arasında dünyanın ən nüfuzlu proqramlarından biri olan “Aspire Leaders” proqramına qəbul olmaları, JACAFA Fondunun Avrasiya Təqaüd Proqramının (2025–2027) qalibi seçilmələri, ən böyük proqramlaşdırma yarışında dünyanın TOP universitetləri ilə yarışmaları vurğulamaq olar.
Bu il tələbələrimiz, həmçinin Gürcüstanda keçirilən nüfuzlu GIST (Global Innovation through Science and Technology) proqramında, “Huawei” şirkətinin “Seeds for the Future” (Gələcəyin toxumları) beynəlxalq proqramında qalib gəldilər. Bir tələbəmiz OPEC-in IX Beynəlxalq seminarına, digər tələbəmiz Polşada keçirilən “Perspektywy Women in Tech Summit 2025” tədbirinə qatıldı.
Bakı Ali Neft Məktəbinin 5 innovativ startap layihəsi “GIST Innovates South Caucasus 2025” proqramında iştirak etdi, tələbələrimizin layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında 2000 layihə arasından fərqlənərək dünyanın ən yaxşı startapından biri seçildi.
Beynəlxalq əlaqələrin genişlənməsi və əcnəbi tələbə artımı
Bakı Ali Neft Məktəbi bir çox beynəlxalq universitetlə əlaqələrini genişləndi, əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin, təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artdı. Bu il əcnəbi tələbələrin sayında 67% artım qeydə alındı.
Ali təhsil proqramlarının ixracı
Bakı Ali Neft Məktəbi həm də Azərbaycan ali təhsil sistemində ilkə imza ataraq ali təhsil proqramlarının ixracını həyata keçirir.
Belə ki, SOCAR və “Uzbekneftegaz” şirkəti arasında 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Bu il həmin ali təhsil müəssisələrindən 16 özbək tələbə Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almağa başladı. Onlar həm təhsil aldıqları Universitetin, həm də Bakı Ali Neft Məktəbinin diplomuna sahib olacaqlar.
Konqoda insan kapitalının inkişafına dəstək
Bakı Ali Neft Məktəbinin qazandığı beynəlxalq uğurlardan biri də Konqoda İnsan kapitalının formalaşması prosesində rol oynamasıdır.
SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında 4 aprel 2024-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun icrasına əsasən, SNPC şirkətinin təqaüdü ilə konqolu tələbələr Bakı Ali Neft Məktəbində təhsil alırlar. Bu tədris ilində 5 konqolu xanım tələbə Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsində təhsil almağa başladı. Konqolu tələbələr məzun olduqdan sonra SNPC şirkətində çalışacaqlar.
Bütün akademik proqramların beynəlxalq akkreditasiyaya cəlb edilməsi
2025-ci ildə ilk dəfə olaraq BANM-in bütün akademik proqramları beynəlxalq proqram akkreditasiya prosesinə cəlb olundu. Bu proses Almaniyanın xüsusilə mühəndislik istiqaməti üzrə dünyada nüfuz qazanmış akkreditasiya agentliyi olan ASIIN tərəfindən aparıldı.
Nüfuzlu beynəlxalq reytinqlərdə ilk uğurlar – THE Impact Rankings 2025
Bakı Ali Neft Məktəbi beynəlxalq reytinqlərə daxil olmağa başladı. “Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, BANM yüksək nəticəyə nail oldu. BANM ölkə üzrə III sırada qərarlaşaraq, dünya universitetləri arasında 801–1000-ci yerləri bölüşdü. “THE Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinəuyğun fəaliyyətlərini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir. BANM-in bu uğuru, ali məktəbin sosial məsuliyyət, inklüzivlik və dayanıqlılıq sahələrində apardığı məqsədyönlü fəaliyyətin növbəti təzahürüdür.
Rəqəmsal Biliklər Liseyinin açılması
Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyətə göstərir. Bu il liseyin təntənəli açılış mərasimi keçirildi. Texniki biliklərin öyrədilməsinə üstünlük verilən bu orta təhsil müəssisəsi ilk ilindən yüksək nəticələr göstərən şagirdlərin seçimi oldu. Belə ki, lisey və gimnaziyalara mərkəzləşdirimiş qaydada keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplayan şagird məzh Rəqəmsal Biliklər Liseyini seçdi.
Məzunların dünyanın TOP Universitetlərinə təqaüdlə qəbulu
Bakı Ali Neft Məktəbinin məzunları dünyanın nüfuzlu ali təhsil müəssisələrində təqaüdlə təhsil alırlar. Onlar təhsil aldıqları universitetlərin təqaüdü ilə yanaşı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil Dövlət Proqramı”nın qalibi olurlar. Bu il bu proqramın qalibi olan məzunların ən çoxu BANM məzunları oldu. Məzunlarımızdan biri dünyanın ilk TOP 5-liyinə daxil olan Stanford Universitetinin Elektrik mühəndisliyinə daxil oldu və Dövlət proqramının təqaüdünü qazandı. Bu ilki məzunlarımızın bir qismi London İmperial Kollec, Kolumbiya Universiteti, Sidney Universiteti, London Kral Kolleci, Edinburq Universiteti və digər nüfuzlu universitetlərə qəbul olaraq təqaüd qazandı.