UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri Amil Abdullazada və Rəsul Sadiqli dekabr ayında keçirilən iki nüfuzlu hakatonda uğurlu nəticələr göstəriblər.
Universitetdən AzEdu.az-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yarışında 230 komanda və 800-dən çox iştirakçı qələbə uğrunda mübarizə aparıb. Hakaton sənaye müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması, süni intellekt və rəqəmsal texnologiyalar əsasında praktik və innovativ həllərin hazırlanmasına həsr olunub.
Gərgin rəqabət şəraitində keçirilən final mərhələsində 30 komanda arasında fərqlənən UNEC tələbələrinin “DeepSense” komandası II yerə layiq görülərək 2000 manat məbləğində pul mükafatı qazanıb.
Bununla yanaşı, Amil Abdullazada və Rəsul Sadiqli Bakıda keçirilən IDDA Hackathon 2 fintech yarışmasında da uğurla çıxış edərək III yerə layiq görülüblər və 2 000 manat pul mükafatı qazanıblar.
48 saat davam edən intensiv hakaton ərzində komandalar real bazar ehtiyaclarına uyğun MVP-lər hazırlayıb, ideyalarını ekspert münsiflər heyətinə təqdim ediblər.