2025-ci ilin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.
Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.
Maraqlıdır, Mingəçevir Dövlət Universiteti (MDU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?
Universitetdən sorğumuza cavab olaraq qeyd olunub ki, 2025-ci il MDU üçün akademik keyfiyyətin yüksəldilməsi, insan kapitalının gücləndirilməsi, beynəlxalq və sənaye əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar olub.
Belə ki, universitet rəhbərliyi tərəfindən müəllim və tələbələrlə mütəmadi görüşlər keçirilmiş, ali təhsilin inkişaf strategiyası, elmi-tədqiqat və pedaqoji fəaliyyət istiqamətləri müzakirə olunub. Rektor Anar Eminovun tələbələrlə görüşləri, eləcə də yeni tədris ili ərəfəsində professor-müəllim heyəti ilə təşkil olunan müzakirələr akademik mühitdə qarşılıqlı etimad və şəffaf idarəetməni daha da gücləndirib.
2025-ci il sentyabrın 9-da keçirilən görüşlər çərçivəsində yeni akademik karyerasına başlayacaq müəllimlərlə bir araya gəlinmiş, aparılan geniş müsabiqə nəticəsində 850-dən çox müraciət arasından 116 müəllim MDU-da işə qəbul olunub. Bu proses universitetdə kadr potensialının keyfiyyətcə yenilənməsinə mühüm töhfə verib. Eyni zamanda, ali məktəbə yüksək balla qəbul olunan tələbələrlə keçirilən görüşlər gənclərin motivasiyasının artırılmasına və onların elmi-tədris mühitinə inteqrasiyasına xidmət edib.
Universitet-sənaye və biznes əməkdaşlıqları 2025-ci ildə xüsusi dinamika qazanıb. “Azərbaycan İES” MMC, “Azəralüminium” MMC, “Qafqaz-Qəbələ” MMC, Azərbaycan-Türkiyə Biznesmenlər Birliyi (ATIB) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (ACOA) ilə imzalanmış memorandumlar tələbələr üçün istehsalat təcrübəsi, karyera imkanları və tətbiqi biliklərin artırılması baxımından yeni perspektivlər açıb.
Beynəlxalq əməkdaşlıqlar sahəsində də mühüm addımlar atılıb. Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə, o cümlədən TED Universiteti və Orta Doğu Teknik Universiteti (ODTÜ) ilə imzalanmış memorandumlar çərçivəsində tədris, elmi-tədqiqat və akademik mübadilə imkanları genişləndirilib. Həmçinin Azərbaycan-Türkiyə universitetlərarası səfərlər zamanı bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq protokolları müzakirə olunub.
Elmi fəaliyyət istiqamətində MDU 2025-ci ildə beynəlxalq və respublika səviyyəli mühüm tədbirlərə ev sahibliyi edib. “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda III Beynəlxalq Elmi Konfransda 19 ölkədən alimlər iştirak etmiş, yüzlərlə elmi məqalə təqdim olunub. Bununla yanaşı, “Regional University-Industry Alliance Summit 2025”, “Heydər Əliyev irsi” Respublika elmi konfransı, elmi-praktik seminarlar, karyera yönümlü panel müzakirələri və startap təşəbbüsləri universitetin elmi və innovativ mühitini daha da gücləndirib.
Ümumilikdə, 2025-ci il ərzində Mingəçevir Dövlət Universitetində müəllim və tələbələr üçün yaradılan akademik, elmi və karyera yönümlü imkanlar əhəmiyyətli dərəcədə genişlənmiş, universitetin regional və beynəlxalq mövqeyi daha da möhkəmlənib.