2025-ci ilin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.
Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.
Maraqlıdır, Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, ADNSU-da 2025-ci ildə tədrisin keyfiyyətinin artırılması məqsədilə bakalavr səviyyəsinə qəbul 10% azaldılıb, magistratura üzrə qəbul isə 17% artırılıb.
İngilis dilində tədris proqramlarına qəbul 9% artaraq ümumi qəbulun 21%-ni təşkil edib. Xarici tələbə qəbulunda isə əvvəlki illə müqayisədə 3 dəfə artım qeydə alınıb.
ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdə qərarlaşıb ki, bu da universitetin elmi potensialının güclənməsini göstərir. İl ərzində 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı (RİSK-2025), NASCO XXVIII kimi mühüm elmi tədbirlər keçirilib.
Bu il bir neçə yeni magistr ixtisası və ixtisaslaşması üzrə ilk dəfə qəbul aparılıb. AiCC Caspian 2025 tədbirində ADNSU təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edib.
“QS Dünya Universitetləri Reytinqi 2026” nəticələrinə görə ADNSU 851–900 aralığında yer alıb. Halbuki əvvəlki il – QS 2025 reytinqində universitet 1001–1200 aralığında qərarlaşmışdı. Bu da dünya reytinqində əhəmiyyətli irəliləyiş deməkdir.
ADNSU “QS Stars” auditində mümkün olan maksimum 5 ulduz ilə qiymətləndirilib ki, bu da universitetin tədris, beynəlxalq əlaqələr, məşğulluq və digər sahələrdə yüksək keyfiyyətə malik olduğunu göstərir.
Sənaye–universitet əməkdaşlığı çərçivəsində ADNSU tərəfindən 10-dan çox yerli və transmilli şirkətlə müqavilələr imzalanıb. Əməkdaşlara il ərzində bayram günlərində yüksək məbləğdə mükafatlar verilib. Differensial əlavə əməkhaqqı və mükafat fondu bu il təxminən 5 milyon manat təşkil edib. Bundan başqa, əməkdaşların maaşları 30%-ə qədər artırılıb.
Bütün bunlar görülən işlərin yalnız kiçik bir hissəsidir. ADNSU növbəti ildən tədqiqat universitetinə çevriləcək. Bu istiqamətdə artıq mühüm addımlar atılıb.