Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan Fudan Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.
Görüşdə BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsi, o cümlədən təhsil və elmi istiqamətdə əlaqələrinin uğurla inkişaf etməsində mühüm rol oynayır.
Universitet haqqında ətraflı məlumat təqdim edən, eyni zamanda, BMU-nun Çin ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini önə çəkən rektor bildirib ki, bu əlaqələr tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, ikili diplom proqramları, o cümlədən innovasiya layihələri baxımından mühüm əhəmiyyət daşıyır. Yaqub Piriyev bu ildən Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramı üzrə başladılan uğurlu əməkdaşlığı vurğulayaraq, Fudan Universiteti ilə də əlaqələrin elmi potensialın gücləndirilməsinə, beynəlxalq təcrübənin genişlənməsinə və yüksəkixtisaslı kadr hazırlığına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Sonra Fudan Universitetini təmsil edən nümayəndə heyəti və layihə əməkdaşlığı qrupunun rəhbəri xanım Tian Xiaohong Azərbaycan universitetləri arasında ilk olaraq BMU ilə qurulan münasibətlərdən, həmçinin səmimi qarşılanmadan məmnunluğunu bildirib, Bakı haqqında ən xoş təəssüratlarını dilə gətirib. Fudan Universiteti haqda təqdimatda 1905-ci ildə əsası qoyulan və Şanxay şəhərində yerləşən ali məktəbin Çinin ən nüfuzlu tədqiqat universitetlərindən biri olduğu, mühəndislik, informasiya texnologiyaları, süni intellekt, biotibb, digər elmi istiqamətlər üzrə güclü akademik və tədqiqat potensialına malik olduğu, habelə QS 2026 reytinqində dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında 30-cu yerdə qərarlaşdığı diqqətə çatdırılıb.
Nümayəndə heyəti ilə müzakirələr zamanı mühəndislik, süni intellekt, biotexnologiya, enerji və dayanıqlı inkişaf sahələrində birgə layihələrin həyata keçirilməsi, də akademik və elmi əlaqələrin daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və konkret istiqamətlər üzrə praktiki addımların atılması barədə razılıq əldə olunub.
Görüş çərçivəsində BMU ilə Fudan Universiteti, həmçinin bu universitetin Zhangjıang İnstitutu və Zhongshan İmmunoterapiya Texnologiyaları üzrə Translyasion Tədqiqat Mərkəzi arasında anlaşma memorandumları imzalanıb.