Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətləri:Müasir trendlər və aktual problemlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
AzEdu.az xəbər verir ki, konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransın plenar iclasını giriş sözü ilə LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb.
Prof. Natiq İbrahimov 2025-ci ilin yekununda keçirilən elmi-praktik konfransın olduqca aktual məsələrə həsr olunduğunu deyib və iştirakçılara uğurlar arzu edib. Rektor başa çatmaqda olan ildə LDU-nun əldə etdiyi uğurlardan, imza atdığı yeniliklərdən, elmi sahədə qazanılmış nailiyyətlərdən söz açıb, qarşıdakı perspektivlərdən danışıb və gələcək hədəflər barədə qısa açıqlama verib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Gülbəniz Əliyeva “Azərbaycanın sosial-iqtisadi inkişafı: Nailiyyətlər və trendlər”, dos. Fərid Xankişiyev “Azərbaycanın sosial- iqtisadi inkişafında insan kapitalının rolu və yeni çağırışlar”, dos. Ülvi Quliyev “Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətləri kontekstində maliyyə sisteminin inkişaf perspektivləri” mövzularında məruzə ediblər.
Plenar iclasdan sonra konfrans işini iki bölmədə davam etdirib. “Milli iqtisadiyyatın sosial-iqtisadi və dayanıqlı inkişafı: rəqəmsallaşma, innovasiya, regional siyasət” və “Azərbaycanın maliyyə sistemində inkişaf trendləri və innovativ yanaşmalar” bölmələrində ümumilikdə 115 tezis dinlənilib. Konfransın işində ölkənin əksər ali təhsil ocaqlarının müəllim və doktorantları qatılıblar. Qeyd edək ki, konfrans hibrid formatda ( onlayn və oflayn) keçirilib.