Hər il olduğu kimi, bu il də ali təhsil gündəminin əsas mövzularından biri “ilin ən yaxşı universiteti hansıdır?” sualıdır. Maraqlıdır ki, bu il istər akademik göstəricilərinə, istər beynəlxalq və yerli reytinqlərdəki mövqeyinə, istər elmi-tədqiqat fəaliyyətinə, istərsə də tələbələr arasında qazandığı rəğbətə görə önə çıxan ali təhsil müəssisələri xüsusilə diqqət mərkəzindədir.
Bu göstəricilər təkcə universitetlərin cari durumunu deyil, eyni zamanda ali təhsilin inkişaf istiqamətlərini və gələcək perspektivlərini də aydın şəkildə ortaya qoyur. Məhz bu baxımdan “ilin universiteti” anlayışı tək bir meyarla deyil, kompleks yanaşma əsasında dəyərləndirilir.
Mövzu ilə bağlı AzEdu.az ali təhsil sahəsinə yaxından bələd olan şəxslərin ümumi yanaşmalarını və dəyərləndirmələrini diqqətə çatdırır.
Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı qeyd edib ki, universitetlərin öz üzərində işləməsi və davamlı inkişaf etməsi əsas məsələdir:

“Ümumilikdə baxanda, bu gün dünyada çox ciddi tendensiyaların getdiyini müşahidə edirik. Əmək bazarının şərtləri və istiqamətləri sürətlə dəyişir. Hesab edirəm ki, bu şəraitdə əsas meyar universitetlərin öz üzərlərində nə dərəcədə işləməsidir. Hansı universitet daha çox inkişaf edirsə, dünya reytinqlərində irəliləyirsə və müəllim əməyini layiqincə qiymətləndirirsə, əsas diqqət məhz buna yönəlməlidir.
Universitetin öz üzərində işləməsi, davamlı inkişaf etməsi əsas məsələdir. Tələbələrin universitet seçiminə təsir edən amillər sırasında ilk növbədə təhsil haqqı, sonrakı mərhələdə isə tədrisin keyfiyyəti dayanır. Bu baxımdan üzərində ən çox işləyən və özünü inkişaf etdirən universitetlərdən biri Azərbaycan Dövlət İqtisad Universitetidir. Universitetin dünya reytinqlərində irəliləməsi bunu açıq şəkildə göstərir. Burada tələbə təşkilatlarının fəallığı, müəllimlərin elmi jurnallarda dərc olunan məqalələrinə görə mükafatlandırılması kimi mexanizmlər mövcuddur və universitet davamlı olaraq öz üzərində işləyir.
Azərbaycanda inkişaf edən universitetlər sırasında ADA Universitetini də qeyd etmək olar. ADA Universiteti davamlı şəkildə özünü inkişaf etdirir. Universitetdə Azərbaycan-İtaliya Universitetinin yaradılması, güclü infrastrukturun formalaşdırılması, beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi bu inkişafın göstəricilərindəndir. Bütün bunlar prosesə müsbət və ciddi təsir göstərir və müxtəlif sahələr üzrə bunu açıq-aydın görmək mümkündür.
Həmçinin Xəzər Universiteti də tədqiqat yönümlü fəaliyyəti və davamlı inkişafı ilə seçilir. Bölgələrdə yerləşən universitetlərdən isə Mingəçevir Dövlət Universitetini qeyd edə bilərik. Bu ali təhsil müəssisəsi davamlı olaraq öz üzərində çalışır, müxtəlif universitetlərlə əməkdaşlıq edir.
Azərbaycan universitetləri arasında tədrisin keyfiyyətinə təsir edən ali təhsil müəssisələrindən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Bu universitet də öz üzərində davamlı şəkildə işləməyə, səylərini artırmağa və tədrisin keyfiyyətini gücləndirməyə çalışır. Aparılan işlər mərhələli şəkildə sistemləşdirilir və bu da ümumi inkişaf prosesinə töhfə verir. Öz üzərində çalışan, struktur və keyfiyyət dəyişikliyi etməyə çalışan universitetlərdən biri də Bakı Slavyan Universitetidir. Bu universitet son zamanlar aktiv fəaliyyət göstərir”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da fikirlərini bölüşüb.

O qeyd edib ki, “ilin universiteti” anlayışı yalnız reytinqlərlə ölçülmür. Əsas meyar tələbəni gələcəyə nə dərəcədə hazır buraxmasıdır:
“2025-ci ildə ali təhsil müəssisələrini dəyərləndirərkən mənim üçün əsas meyar universitetin məzununu real həyata və əmək bazarına nə dərəcədə hazırlamasıdır. Bu gün artıq təkcə universitetin adı və ya illərlə formalaşmış nüfuzu həlledici rol oynamır. Əsas məsələ diplomun arxasında duran bilik, bacarıq və çevik düşüncədir. Məzunun qısa müddətdə iş tapması, təcrübə proqramlarında iştirakı, layihə əsaslı öyrənmə imkanları və universitet–işəgötürən əməkdaşlığının səviyyəsi bu baxımdan əsas göstəricilərdir.
Eyni zamanda tədrisin müasir əmək bazarının tələblərinə uyğun qurulması xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal bacarıqların, iqtisadi və analitik düşünmənin, kommunikasiya və problem həll etmə səriştələrinin kurikulumlara inteqrasiyası universitetin real gücünü göstərir. Müəllim modeli də dəyişməlidir: sadəcə məlumat verən yox, tələbəni düşünməyə, araşdırmağa və qərar verməyə yönəldən tərəfdaş olmalıdır.
Tələbə mərkəzli mühit, akademik azadlıq və sağlam psixoloji atmosfer də universitetin cazibədarlığını müəyyən edən mühüm faktorlardandır. Tələbənin özünü rahat ifadə edə bildiyi, təşəbbüslərinin dəstəkləndiyi və inkişaf üçün real imkanlar gördüyü ali məktəblər gənclərin sevimlisinə çevrilir. Universitet yalnız dərs keçirilən bina deyil, şəxsiyyət və peşəkar yetişdirən canlı bir ekosistem olmalıdır.
Beynəlxalq əməkdaşlıqlar, mübadilə proqramları və qlobal layihələr isə məzunun həm yerli, həm də beynəlxalq əmək bazarına inteqrasiyasını asanlaşdırır. Bu baxımdan beynəlxalqlaşma səviyyəsi ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artıran əsas amillərdəndir.
Bu meyarlar əsasında baxdıqda, ADA Universiteti praktik yönümlü təhsil modeli, əmək bazarı ilə sıx əlaqələri və beynəlxalq standartlara uyğun idarəetmə sistemi ilə 2025-ci ildə xüsusilə fərqlənir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) isə iqtisadiyyat, maliyyə, biznes və idarəetmə sahələrində əmək bazarına yaxınlaşma, tətbiqi biliklərin gücləndirilməsi və ixtisaslaşma istiqamətində atdığı addımlarla diqqət çəkir və minlərlə gəncin real karyera qurmasına töhfə verir. Bakı Dövlət Universiteti isə akademik dərinlik, elmi potensial və kadr hazırlığı baxımından hələ də ölkənin aparıcı ali təhsil ocaqlarından biri olaraq qalır.
Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ Universitetinin yaradılması təkcə yeni bir ali təhsil müəssisəsinin açılması deyil, həm də bölgənin intellektual və sosial dirçəlişinin simvoludur. Qısa müddət ərzində formalaşmasına baxmayaraq, bu universitetin müasir təhsil modeli, gələcəyə yönəlik ixtisasları və regional inkişafla bağlı missiyası onu perspektivli ali təhsil mərkəzinə çevirir. Qarabağ Universitetinin gələcək illərdə həm regionun, həm də ölkənin kadr hazırlığında mühüm rol oynayacağına inanıram.
Mənim yanaşmamda “ilin universiteti” anlayışı yalnız reytinqlərlə ölçülmür. Əsas meyar tələbəni gələcəyə nə qədər hazır buraxmasıdır. Bu baxımdan 2025-ci il üçün “ilin universiteti” anlayışı universitetlərin adları arasında deyil, onların tətbiq etdikləri təhsil modelləri arasındadır. Kim dəyişən dünyaya daha tez uyğunlaşırsa, kim tələbəni real həyata daha hazırlıqlı buraxırsa, qalib də məhz odur".
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, ilin universiteti adına ən real namizəd olan ali təhsil müəssisəsi UNEC-dir:

"Universitet bu il Azərbaycan təhsil tarixində ilkə imza atdı. Bu uğur nəticəsində UNEC nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən yaxşı ali təhsil müəssisəsi seçildi. Fikrimizi konkretləşdirərək deyə bilərik ki, planetin ən nüfuzlu reytinq agentliklərindən olan “Times Higher Education” (THE) ənənəvi olaraq “Dünya Universitetləri Reytinqi 2026”nın nəticələrini açıqladı.
Dünya universitetlərinin ilk TOP-1000 siyahısına daxil olan UNEC (801–1000-ci yerlər) nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda birinci oldu. Üstəlik, UNEC tədqiqat keyfiyyəti indikatoru (meyarı) üzrə çox yüksək nailiyyət əldə etdi. Belə ki, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq bu meyar üzrə TOP-500 siyahısında da yer aldı və 481-ci pilləni qazandı.
Bütün bunlar heç də asan əldə edilən nəticələr deyil. Bu uğurlar illərin gərgin əməyi nəticəsində həyata keçirilən proseslərin məntiqi sonucudur. Lakin çox təəssüf ki, təhsil seqmentində UNEC-in bu uğuru demək olar ki, kölgədə qalmış oldu. Bu isə olduqca təəssüfedicidir.
UNEC bu nailiyyətləri ilə həm də dünyanın çağdaş təhsil trendləri ilə ayaqlaşdığını, modern təhsilin tələbləri istiqamətində ardıcıl şəkildə irəlilədiyini sübut etdi. Sözsüz ki, yola saldığımız ildə inkişaf edən xətt üzrə addımlayan digər universitetlərimiz də oldu. Bu baxımdan ADA Universiteti, BANM, Qarabağ Universiteti və ADNSU kimi ali təhsil müəssisələrini də qeyd etmək olar.
Həmin universitetlər də il ərzində bir çox layihələrə imza atıb, müxtəlif yenilikləri tətbiq ediblər. Lakin subyektiv rəyimə görə, yola saldığımız ildə Azərbaycan ali təhsili adına ən böyük hadisə kimi məhz UNEC-in reytinq cədvəllərində əldə etdiyi uğurları göstərmək olar.
Universitet məzunlarının əmək bazarına uğurlu inteqrasiyası isə Dövlət Məşğulluq İdarəsi tərəfindən aparılan tədqiqatlara əsasən müəyyən edilib. 2018–2022-ci illər üçün hazırlanmış “Məzunların məşğulluq reytinqi”nə görə ilk 5 yeri ardıcıllıqla BANM, ADA Universiteti, ADNSU, UNEC və İdarəçilik Akademiyası tutur.
Lənkəran Dövlət Universitetinin bu reytinqdə 6-cı pillədə qərarlaşması isə şəxsən mənim üçün gözlənilməz oldu".
Təhsil jurnalisti Ruhiyyə Daşsallahlının sözlərinə görə, dövlət müəssisələri nüfuz baxımından nəinki xarici universitetlərə, hətta Azərbaycandakı özəl ali təhsil müəssisələrinə də uduzur:

“Öncəliklə bildirməliyəm ki, Azərbaycan universitetləri qeyd edilən nailiyyətlərinə baxmayaraq, abituriyentlərin nəzərində hələ də xarici universitetlərə uduzur. Hətta Türkiyənin regional səviyyəli universitetlərinə üstünlük verənlər daha çoxdur. 2025-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ADNSU-ya qəbul olunan tələbə burada deyil, Türkiyədə daha aşağı nüfuzlu ali məktəbdə oxumağı seçdi.
Dövlət müəssisələri nüfuz baxımından nəinki xarici universitetlərə, Azərbaycandakı özəl ali təhsil müəssisələrinə də uduzur. Ali Neft Məktəbinin, ADA Universitetinin nüfuzunu müşahidə edirəm. Universitetlərimizin bəziləri tarixi nüfuzlarının qırıntıları ilə ayaqda qalmağa çalışır. Amma bu da həqiqətdir ki, Azərbaycan universitetləri beynəlxalq qiymətləndirmələrdə mövqelərini ildən-ilə yaxşılaşdırır. Tədris proqramlarını beynəlxalq proqramlara uyğunlaşdırır, dünyanın ən yaxşı universitetləri ilə əməkdaşlıq edir, ildən-ilə diplomlarını daha geniş coğrafiyada tanıdırlar.
Məzunlarının əmək bazarına inteqrasiyasına gəlincə, bilirsiniz ki, Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti hər il dünya universitetlərinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirir. “QS Stars” reytinq sistemi universitetləri “Təhsil mühiti” və “Məşğulluq” kateqoriyaları üzrə də dəyərləndirir və bizim 3 ali təhsil müəssisəmiz - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Texniki Universiteti “QS Stars” qiymətləndirməsində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Bu qiymətləndirməyə inansaq, deməli, bu istiqamətdə nəticələrimiz yaxşıdır.
Reportajlarımızda, kütləvi informasiya vasitələri olaraq, universitetlərimizin böyük şirkətlərlə əməkdaşlıqlarının, birgə təşkil olunan əmək yarmarkalarının şahidi oluruq. Yəni görüntü ümid vəd edir. Amma mənə görə, universiteti bitirib öz ixtisası üzrə iş taparaq, öz bacarığı ilə karyera pillələrində yüksələnlərin sayı azdır.
Mənim şəxsi mövqeyim belədir ki, universitetlərimizdə nə mühit universitet mühitidir, nə də əmək bazarına uğurlu inteqrasiya var. Mühit olmayandan sonra hansı dünya şöhrətli universitetin proqramının tədris edilməsi, imtahanlarda hansı standartlarla qiymətləndirmə aparılmasının bir fərqi yoxdur.
Əmək yarmarkaları da daha çox görüntüyə xidmət edir. Reportajlarda müşahidə edirəm ki, tələbələr orada standart olaraq yüksək maaşlı iş, müəyyən qarşılığı olan təcrübə proqramları axtarır və ümidsizcəsinə oradan ayrılırlar. İş yerləri isə stend qurur, bir neçə bukleti ortaya qoyub vakansiyalarının elan olunduğu hesabları paylaşırlar. Bəzilərinə rast gəlirsən ki, paylaşdıqları həmin hesablarda aylarla, bəlkə də illərlə vakansiya görən olmayıb. Şirkətlərin bir çoxu əmək yarmarkalarına özləri barədə daha çox insana məlumat ötürmək vasitəsi kimi yanaşır. Mənim qiymətləndirməm yalnız müşahidələrimə, reportajlarda eşitdiklərimə, tələbələrdən öyrəndiklərimə əsaslanır ki, bunlar da hansısa universiteti “İlin universiteti” kimi fərqləndirməyə yetmir, doğrusu.
Eyni meyarlarla yanaşaraq Qarabağ Universiteti haqqında deyə bilərəm ki, cazibədar şəhər həyatı, maraqlı və əyləncəli tələbəlik illəri vəd etməməsinə baxmayaraq, seçimini bu universitetdən edənlər çoxdur. Bu da yəqin ki, sıfırdan bir universitet yaratmağın üstünlüyündən irəli gəlir. Qarabağ Universitetində tibb təhsili alanların, xüsusilə, xoşbəxt nəsil olacağını düşünürəm. İlk məzunları bu fikirlərimi mənə təkrar etdirəcəklərmi, bilmirəm, amma Qarabağ Universitetinin məzunlarına böyük ümid və inamla baxıram”.
İqtisadçı Günay Hüseynova bildirib ki, elə region universitetləri var ki, orada heç hansısa ölkənin sistemi tətbiq olunmur, dərslər ənənəvi metodlarla tədris olunur:

“İqtisadçılar əsasən kəmiyyətə yox, keyfiyyətə üstünlük verirlər. Mən də bu düşüncədəyəm. Bir sıra universitetlərdə tələbə sayı çox ola bilər, yaxud həmin universitetin reklamı güclü ola bilər, ya da yeni təhsil metodu ilə dərslər keçirilə bilər. Ancaq bunların heç biri o demək deyil ki, həmin universitetdə savad var. Əksər universitetlər və tədrisçilər elə başa düşür ki, tələbənin yükünü artırmaqla və ya hansısa ölkənin təhsil metodunu tətbiq etməklə tələbə dərhal savadlı olacaq, mütəxəssisə çevriləcək. Elə region universitetləri var ki, orada heç hansısa ölkənin sistemi tətbiq olunmur, dərslər ənənəvi metodlarla tədris olunur, lakin tələbələrinin bilik və bacarıqlarına görə paytaxt Bakının bir sıra universitetlərindən öndədirlər.
Fikrimcə, digər universitetlərlə müqayisədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı daha yaxşıdır. Çünki tələbələri öz bilikləri hesabına İtaliya və bir sıra Avropa universitetlərinin magistr proqramlarına qəbul olurlar. Eyni zamanda tələbələr arasında fikir mübadiləsi tez-tez təşkil olunur, tələbə azadlığı mövcuddur.
Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, hansısa ali təhsil müəssisəsini ilin universiteti adlandıra bilməyəcəyəm”.
Sosioloq Mail Yaqub qeyd edib ki, əgər universitet rəhbərliyi birbaşa təhsillə bağlı deyilsə, həmin ali təhsil müəssisəsində inkişafdan danışmaq çətindir:

“Bu mövzuda hamının bildiyi bir neçə universitet var və onları qeyd etmək olar. ADA Universiteti və Bakı Ali Neft Məktəbi bu sırada xüsusi ilə fərqlənir. Bunun əsas səbəbi həmin universitetlərdə müəllim təminatının yüksək olması və ciddi nəzarət mexanizmlərinin mövcudluğudur. Əgər universitet rəhbərliyi birbaşa təhsillə bağlı deyilsə, o ali təhsil müəssisəsində inkişafdan danışmaq çətindir. Müəllimə layiqli əməkhaqqı verilmədiyi halda, ondan yüksək səviyyəli tədris gözləmək mümkün deyil. Aşağı məvaciblə çalışan müəllimdən keyfiyyətli dərs tələb etmək real deyil.
Təəssüf ki, ali təhsil sahəsində bu gün ciddi problemlər mövcuddur. Buna baxmayaraq, bəzi universitetlər var ki, həm müəllimə, həm də tələbəyə dəyər verirlər. Nəticədə həmin universitetlərin məzunları nüfuzlu xarici universitetlərdə, o cümlədən ABŞ-ın aparıcı ali təhsil müəssisələrində təqaüd qazanmaq imkanına malik olurlar. Bu isə göstərir ki, istək və düzgün yanaşma olduqda, biz də keyfiyyətli tədris mühiti yarada bilərik”.