Azedu.az

Uşaq Sığınacağı sakinləri üçün Azərbaycan Universitetində Yeni il şənliyi

Universitetlər

19 Dekabr 2025, 14:21
Uşaq Sığınacağı sakinləri üçün Azərbaycan Universitetində Yeni il şənliyi

Azərbaycan Universitetində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin sakinləri üçün Yeni il şənliyi keçirilib.

AzEdu.az xəbər verir ki, “Möcüzələr diyarının kiçik ulduzları” adlı şənlik universitetin “Sossfera” Sosial İnkişaf Klubu və ictimai birliyin birgə təşəbbüsü ilə təşkil olunub. Sosial məsuliyyət, sevgi və həmrəylik ruhunda təşkil olunan tədbir uşaqlar üçün əsl bayram ab-havası yaradıb.

Tədbirin əvvəlində Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və ictimai birliyin sədri Kəmalə Ağazadə çıxış ediblər. Rektor çıxışında qeyd edib ki, uşaqların təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi üçün hər bir qurum məsuliyyət daşıyır. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin sosial məsuliyyət layihələrinə hər zaman dəstək verdiyini və mərkəzlə bu istiqamətdə əməkdaşlığın möhkəmləndiriləcəyini bildirən rektor uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt gələcək arzulayıb. İctimai birliyin sədri Kəmalə Ağazadə belə tədbirlərin uşaqların sosial reinteqrasiyasında böyük rol oynadığını bildirib, universitet rəhbərliyinə və kollektivinə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Tədbir bədii hissə ilə davam edib. Mərkəzin sakini olan uşaqların ifa etdiyi milli və xarici rəqslər, şeir və musiqi nömrələri, səhnə kompozisiyaları tədbirə xüsusi rəng qatıb. Şaxta Baba və Qar Qızın səhnəyə çıxışı tədbirin ən sevilən və ən çox alqış alan anlarından olub. Şaxta Baba və Qar Qız uşaqlara bayram hədiyyələrini verib, onlarla birlikdə yeni il ağacının ətrafında rəqs ediblər. Universitetin müəllim və tələbələri, o cümlədən mərkəzin əməkdaşları da uşaqlara qoşulub, onların sevincinə şərik olublar.

Bayram şənliyinin musiqili qonaqları da olub. Ağaməli Niftəlizadənin kamançada, Azərbaycan Dövlət Mədəniyyət Universitetinin (ADMİU) tələbəsi Aydan Cabbarovanın skripkada ifası tədbir iştirakçılarının böyük rəğbətini qazanıb. ADMİU-nun məzunu gənc müğənni Ramin Bayramov da ifası ilə bayram proqramına rəng qatıb. Yeni il şənliyi “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Özgə uşaq olmur” himninin səsləndirilməsi ilə yekunlaşıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox