Azedu.az

Qarabağ Universitetində yeni ixtisaslar tədris olunmalıdır - SİYAHI

Universitetlər

19 Dekabr 2025, 11:19
Qarabağ Universitetində yeni ixtisaslar tədris olunmalıdır - SİYAHI

"Qarabağ Universitetinin inkişaf perspektivlərini nəzərə alsaq, gələcək illərdə burada açılacaq ixtisaslar təkcə əmək bazarının tələblərinə deyil, eyni zamanda regionun bərpa və dayanıqlı inkişaf ehtiyaclarına cavab verməlidir. Bu baxımdan bir neçə əsas istiqamət xüsusilə zəruri görünür".

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib.

174620

Deputatın sözlərinə görə, ilk növbədə, mühəndislik və texniki ixtisasların genişləndirilməsi məqsədəuyğundur:

"Qarabağda aparılan genişmiqyaslı quruculuq və infrastruktur layihələri fonunda inşaat mühəndisliyi, elektrik və enerji mühəndisliyi, nəqliyyat mühəndisliyi, həmçinin su və ətraf mühit mühəndisliyi kimi ixtisaslara ciddi ehtiyac var. Xüsusilə “yaşıl enerji zonası” konsepsiyası nəzərə alınarsa, bərpa olunan enerji mühəndisliyi prioritet istiqamətlərdən biri ola bilər.

Digər vacib sahə aqrar və kənd təsərrüfatı ixtisaslarıdır. Aqrar iqtisadiyyat, aqrotexnologiya, baytarlıq, torpaqşünaslıq və kənd təsərrüfatında rəqəmsal həllər üzrə kadr hazırlığı Qarabağın iqtisadi potensialının reallaşdırılmasına mühüm töhfə verə bilər.

Bununla yanaşı, sosial və humanitar ixtisasların da inkişafı əhəmiyyətlidir. Regional inkişaf, dövlət və bələdiyyə idarəetməsi, sosiologiya, psixologiya və sosial iş kimi sahələr post-münaqişə dövründə cəmiyyətin sosial bərpası və reinteqrasiyası baxımından aktualdır. Eyni zamanda, turizm və mədəni irsin idarə olunması üzrə ixtisasların açılması məqsədəuyğun hesab edilə bilər. Qarabağın zəngin tarixi-mədəni irsi və turizm potensialı bu sahədə peşəkar kadr hazırlığını zəruri edir.

Nəhayət, informasiya texnologiyaları ilə yanaşı kibertəhlükəsizlik, data analitikası, süni intellekt və rəqəmsal transformasiya kimi müasir ixtisaslar Qarabağ Universitetini regionun innovasiya mərkəzlərindən birinə çevirə bilər. Ümumilikdə, Qarabağ Universitetində açılacaq yeni ixtisaslar regional ehtiyaclar, milli inkişaf prioritetləri və qlobal trendlər arasında balans yaratmalı, universiteti təkcə təhsil ocağı deyil, həm də Qarabağın intellektual və elmi inkişaf mərkəzinə çevirməlidir".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox