Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi ərəfəsində universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün nəzərdə tutulan yeni tədris binası istifadəyə verilib.
AzMİU-dan AzEdu.az-a bildirilib ki, yeni bina müasir təhsil standartlarına uyğun şəkildə inşa olunub. Zirzəmi, iki mərtəbə və 30 otaqdan ibarət binanın ümumi sahəsi 1702 kvadratmetrdir. Enerji səmərəliliyi prinsipi əsasında layihələndirilən binanın tikintisi zamanı ekoloji təmiz materiallardan istifadə olunub. Binanın müasir auditoriyaları, ixtisaslaşdırılmış dərs otaqları, kompüter sinifləri və inzibati sahələri təchiz edilib. Geniş auditoriyalar, dil laboratoriyaları, emalatxana, mətbəə və istirahət zonaları tələbələrin rahatlığı və effektiv təhsil alması üçün müasir texniki avadanlıqlarla təmin edilib, həmçinin beynəlxalq təhsil mühitinin tələblərinə uyğun dizayn olunub.
Burada yüksəksürətli “Wi-Fi” şəbəkəsi, “ağıllı lövhələr”, multimedia proyektorları quraşdırılıb.
Bina, həmçinin əlilliyi olan tələbələrin rahat təhsil alması üçün inklüziv elementlər və adaptiv infrastruktur vasitələri ilə təmin edilib.
Son illərdə AzMİU-da tədris infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir, auditoriya və laboratoriyalar müasir standartlara uyğun şəkildə təchiz olunur. Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün yeni binanın istifadəyə verilməsi də bu siyasətin məntiqi davamıdır və universitetin beynəlxalq tələbələr üçün təhsil imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Yeni binanın fakültənin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyi gözlənilir.