Süni intellektin sürətlə inkişaf etdiyi qlobal dünyada ali təhsil müəssisələri təkcə texnoloji yeniliklərə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda mədəni kimliyin, müxtəlifliyin və yerli dəyərlərin qorunması kimi mühüm missiyanı da daşıyırlar. Bu baxımdan universitetlərin üzərinə yeni və daha məsuliyyətli vəzifələr düşür.
Bu kontekstdə sual yaranır: süni intellekt əsaslı təhsil modelləri yerli mədəni dəyərlərin və milli kimliyin qorunmasına necə inteqrasiya edilə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, süni intellekt əsaslı təhsil modelləri ümumi təhsil prosesini kənara çıxartmır:

“Yəni tədris prosesi və təhsil proqramları olduğu kimi qalır. Süni intellektin tətbiqi burada əsasən təhsilin daha əlçatan, çevik və asan başa düşülən olmasına xidmət edir. Mövcud şəraitdə yerli mədəni dəyərlərin və milli kimliyin qorunması olduqca vacib amildir. Bu xüsusilə humanitar istiqamətli ixtisaslarda - tarix, ədəbiyyat, dil və digər fənlərdə daha çox nəzərə alınmalıdır.
Texniki ixtisaslarda isə bu dəyərlərə birbaşa üstünlük verilməsə belə, ən azı dil baxımından milli-mədəni inteqrasiyanın təmin olunması mütləqdir. Qlobal mədəniyyət platformalarında dominant olan Avropa, Amerika və ya Şərq mədəniyyətləri fonunda universitetlər süni intellektdən istifadə edərkən yalnız bu mədəniyyətləri deyil, eyni zamanda öz milli mədəni dəyərlərini də nəzərə almalıdırlar.
Bu yanaşma digər mədəniyyətlərin qorunub saxlanmasına da töhfə verə bilər. Lakin əsas diqqət təhsil proqramlarında milli kimliyin və milli-mədəni dəyərlərin ön plana çıxarılmasına yönəlməlidir”.