Azedu.az

2025-ci il ADPU-da necə yadda qaldı? - 808 tədbir, yeni təqaüdlər, 26 xarici əməkdaşlıq...

Universitetlər

17 Dekabr 2025, 12:56
2025-ci il ADPU-da necə yadda qaldı? - 808 tədbir, yeni təqaüdlər, 26 xarici əməkdaşlıq...

2025-ci ilin başa çatmasına saylı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.

Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.

Maraqlıdır, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?

Mövzu ilə universitetdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində 2024-2025-ci tədris ili üzrə tələbələrlə iş və tədbirlərin təşkili sahəsində görülən işlərə dair hesabat təqdim olunub:

“Ənənələrə sadiq, yeniliklərə açıq universitet” prinsipi əsasında ADPU-da həyata keçirilən sosial fəaliyyətlər tələbələrin inkişafına, dövlət proqramlarının icrasına və universitet həyatının daha da zənginləşdirilməsinə xidmət edir. Hesabatda qeyd olunur ki, il ərzində universitetdə ümumilikdə 808 tədbir təşkil olunub ki, onların 160-ı onlayn, 648-i isə ənənəvi formada keçirilib.

Tədbirlər arasında seminarlar, görüşlər, müsabiqələr, ekskursiyalar və müxtəlif maarifləndirici layihələr yer alıb. Sosial fəaliyyətlər əsasən fakültələr, şöbələr və tələbə təşkilatları ilə əməkdaşlıq, dövlət proqramlarının icrası, fərdi layihə və təşəbbüslərin dəstəklənməsi, eləcə də tələbələrin sosial və akademik inkişafının təmin olunması istiqamətində qurulub.

Tələbələr tərəfindən şöbəyə il ərzində ünvanlanan suallar və müraciətlər əsasən təqaüdlər, imtahan və apelyasiya prosesi, diplomların verilməsi və auditoriya məsələləri ilə bağlı olub. Onların rəylərini öyrənmək üçün müxtəlif mövzularda sorğular keçirilib və toplanan məlumatlar təhlil olunaraq universitetdə fəaliyyətlərin planlaşdırılması və təkmilləşdirilməsi işlərində mənbə kimi istifadə edilib. Bütün sorğular anonim və könüllü şəkildə aparılıb.

Hesabat dövründə milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideyalarının təbliği, Heydər Əliyev irsinin öyrənilməsi, milli bayramların qeyd olunması, incəsənət və mədəniyyət mövzularında tədbirlər həyata keçirilib. Eyni zamanda insan hüquqları, gender bərabərliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə, erkən nikah hallarının qarşısının alınması, yol hərəkəti təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirici layihələr təşkil olunub.

Universitetdə tələbə gənclərin inkişafı və könüllülük hərəkatı xüsusi diqqət mərkəzində saxlanılır. Könüllülük fəaliyyətinin təşviqi, startap və innovativ təşəbbüslərin dəstəklənməsi, tələbələrin elmi və sosial nailiyyətlərinin ictimaiyyətə çatdırılması bu il görülən işlər sırasında mühüm yer tutur.

ADPU-da tələbə həyatının zənginliyi müxtəlif təşkilatlar və klublar vasitəsilə təmin olunur. Universitetdə Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, MEH ədəbi dərnəyi, Təhsil Könüllüləri Tələbə Birliyi, Yeni Klub, Kiber Klub, YUNESKO Klubu və digər tələbə birlikləri, həmçinin onların nəzdində fəaliyyət göstərən Psixologiya, İntellektual Oyunlar, Kitab, Art, Vətənpərvərlik, Tarix, Sinema, Elm və Təhsil, İdman və Sağlamlıq, Xarici Dillər, Layihələr, Məntiq və Əyləncə, Qızıl Əllər, ENACTUS, Təhsil Fəalları və Debat Klubu kimi müxtəlif klublar fəaliyyət göstərir.

Son bir il ərzində universitetin tələbə təşkilatlarının rəqəmsal və sosial media fəaliyyətləri də əhəmiyyətli dərəcədə genişləndirilib və universitet həyatının rəqəmsal tanıtımı istiqamətində ardıcıl fəaliyyət icra olunub.

Ümumilikdə Pedaqoji Universitetdə tələbələrin sosial həyatlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Qarşıdakı illərdə də tələbələrin iştirakı ilə daha genişmiqyaslı layihələrin reallaşdırılması və universitetin tələbəyönümlü siyasətinin davam etdirilməsi nəzərdə tutulur.

2025-ci ildə ADPU 26 xarici universitetlə əməkdaşlıq müqaviləsi imzalayıb. Universitet, həmçinin bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Bunlara misal olaraq “Mexanikada Yeni Trendlər” Birinci Beynəlxalq Konfransı, “Ali Təhsildə Keyfiyyət” Beynəlxalq Konfransı və “Beynəlxalq Müəllim Hazırlığı” Konfransını göstərmək olar.

Universitet Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə təhsil idarəetməsi üzrə ikili diplom magistr proqramının 2030-cu ilə qədər davam etdirilməsi haqqında müqavilə imzalayıb.

2025/2026-cı tədris ilindən etibarən ADPU-da yeni qəbul olunan tələbələr üçün “UĞUR” xüsusi təqaüd proqramı təsis edilib. Proqram çərçivəsində 600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN məbləğində “UĞUR” xüsusi təqaüdü alacaq. “UĞUR” xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq “Firudin bəy Köçərli” təqaüdünü (1 il ərzində aylıq 125 AZN) qazanan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə verilir.

Eyni zamanda, 2025/2026-cı tədris ilindən etibarən ADPU THİK tərəfindən hər il bakalavriat səviyyəsində ixtisas seçimində birinci yerdə ADPU-nu seçməklə ən yüksək nəticə ilə qəbul olunan tələbəyə 400 AZN, ADPU-nun filialları və magistratura səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə isə 500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir.

Qeyd edək ki, təqaüdün təyin edilməsində ən yüksək balla qəbul olunmaqla yanaşı ixtisası birinci yerdə yazmaq tələbi yalnız ADPU-nun bakalavriat səviyyəsinə aiddir. Magistratura səviyyəsi və filiallara qəbul zamanı isə sadəcə ən yüksək balla qəbul olunmaq bu təqaüdü almaq üçün əsasdır.Bunlar yalnız 2025-ci ildə təsis edilən təqaüdlərdir. Bunlarla yanaşı universitetdə 14 adlı təqaüd, “Gənc müəllim” təqaüdü, SABAH qrupları üçün məqsədli təqaüd və THİK-in adlı təqaüdləri mövcuddur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) nüfuzlu “GreenMetric World University Rankings 2025”-də əhəmiyyətli irəliləyiş əldə edib. 

ADPU müxtəlif meyarlar üzrə toplam 4320 bal toplayaraq dünyanın 1745 ali təhsil müəssisəsi arasında 1225-ci pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ADPU 1477 universitet arasında 1388-ci nəticə göstərmişdi. Bu nəticə universitetin davamlılıq, ekoloji idarəetmə, enerji səmərəliliyi və kampusda yaşıl infrastruktur istiqamətində həyata keçirdiyi tədbirlərin müsbət dinamikasını nümayiş etdirir.Bu il Azərbaycandan UI GreenMetric reytinqində yer alan ali təhsil müəssisələrinin sayı artaraq 19-a çatıb. Artan rəqabət fonunda ADPU ölkə üzrə 14-cü yer tutub. Ötən il reytinqdə Azərbaycan üzrə 12 universitet yer almış, ADPU həmin siyahıda 12-ci pillədə qərarlaşmışdı.


Qeyd edək ki, reytinqdə kampusda yaşıl infrastruktur, enerji səmərəliliyi, tullantıların idarə olunması, su resurslarının istifadəsi, davamlı nəqliyyat və ekoloji maarifləndirmə kimi istiqamətlər üzrə indikatorlar qiymətləndirilir.

Universitetdə 2024-cü ildən etibarən start verilən "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümü 2025-ci ildə uğurla həyata keçirilib və hazırda müsabiqə qaliblərinin mentorluq proqramı davam edir. “bp Azərbaycan”ın tərəfdaşlığı ilə təşkil edilən müsabiqənin məqsədi universitetin istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb edilməsini təşviq etməkdir.

Müsabiqədə yalnız ADPU və onun filiallarının bakalavriat və magistatura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.Müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı, "bp Azərbaycan" tərəfindən qiymətli hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur".

TƏCİLİ! Türkiyə qırıcıları İrana görə havaya qaldırıldı
Son xəbərlərDaha çox