Bu il keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransına (NASCO) ilk dəfə olaraq rekord sayda müraciət daxil olub. Ümumilikdə təqdim olunan 649 müraciətdən 610-u qəbul edilib.
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında deyib. O bildirib ki, son illərdə NASCO-ya təqdim olunan məqalələrin qəbulu şərtləri çətinləşdirilib: “Təqdimat etməyən müəlliflərin məqalələri çap olunmur. Buna baxmayaraq, qəbul edilən məqalələrin sayında artım müşahidə olunur. Əvvəllər konfransda əsasən humanitar sahələr üzrə məqalələr üstünlük təşkil edirdi. Son illərdə isə mühəndislik istiqaməti üzrə təqdim olunan məqalələrin sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, son iki ildə plagiat tezis və məqalələrə rast gəlinmir”.
Rektor əlavə edib ki, bu il NASCO-da iştirakçıların rəyləri əsasında bir sıra yeniliklər və təkmilləşdirmələr həyata keçirilib. İlk dəfə olaraq konfransın rəsmi veb səhifəsi yaradılıb və kommunikasiya prosesi düzgün və sistemli şəkildə qurulub.