Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Universitetin 50 illik yubleyi çərçivəsində Elektron Kitabxananın 1 saylı tədris korpusunda yeni oxu zalı istifadəyə verilib.
AzEdu.az xəbər verir ki, açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəmzi lenti kəsdikdən sonra oxu zalı ilə tanışlıq olub.
Rektor, professor Gülçöhrə Məmmədova yeni oxu zalında yaradılan şəraitlə tanış olub və bildirib ki, tələbələrin elmi-tədqiqat mühitinin müasirləşdirilməsi universitetin strateji inkişaf prioritetləri sırasındadır. Onun sözlərinə görə, son illərdə AzMİU-da tədris mühitinin yenilənməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Yeni oxu zalının istifadəyə verilməsi isə bu prosesin məntiqi davamıdır.
Yeni oxu zalı, xüsusilə İnşaat, Mexanika və İnformasiya Texnologiyaları, Tikinti-iqtisad və Nəqliyyat fakültələrində təhsil alan tələbələrin elmi mənbələrə operativ çıxışını təmin etmək məqsədilə yaradılıb. Məkanda rəqəmsal resurslardan rahat istifadə imkanı təmin olunub ki, bu da tələbələrin müstəqil öyrənmə və tədqiqat imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədov oxu zalının texniki imkanları barədə ətraflı məlumat verərək bildirib ki, məkanda yüksək sürətli Wi-Fi şəbəkəsi, müasir kompüter avadanlıqları və komfortlu iş mühiti yaradılıb. O, tələbələrin şəxsi noutbuk və planşetləri ilə də elektron resurslardan sərbəst faydalana biləcəklərini vurğulayıb.
Elektron kitabxananın müdiri Aytən Rəhmanova çıxışı zamanı qeyd edib ki, son illərdə elektron resurslara maraq sürətlə artmaqdadır və istifadəçi sayının çoxalması fonunda yeni oxu zalına ciddi ehtiyac yaranmışdı. Onun sözlərinə görə, bu məkan tələbələrə informasiya resurslarını daha çevik və rahat şəkildə əldə etməyə imkan verəcək.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə bu təşəbbüsü tələbələrin təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirərək, tələbə kollektivi adından universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, elektron kitabxanadakı kitablar əsasən 3 dildə - Azərbaycan, Rus və İngilis dilərindədir. Buradakı kitabların və elektron materialların sayı əhəmiyyətli dərəcədə artırılıb. Hazırda ümumi resurs sayı 510 mindən çoxdur. Elektron katoloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır. Katoloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bu kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər materiallarla bağlı zəruri məlumatlar da elektron katoloqlarda yerləşdirilib.
AzMİU-nun elektron kitabxanası 2012-ci ildə ildə qurulub və daimi yenilənmə əsasında elektron kitabxana və katoloqdakı materialların sayı mütəmadi olaraq artırılır. Elektron Kitabxananın yeni oxu zalının fəaliyyətə başlaması AzMİU-da elmi araşdırma, fərdi hazırlıq və mütaliə üçün yaradılan imkanları daha da genişləndirəcək. Bu layihə universitetdə müasir və rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir.