Azedu.az

İngilis dilli üzrə mütəxəssis çatışmazlığı universitetlərdə ciddi PROBLEMDİR

Universitetlər

8 Dekabr 2025, 11:16
İngilis dilli üzrə mütəxəssis çatışmazlığı universitetlərdə ciddi PROBLEMDİR

"Bəzi universitetlərin marağındadır ki, tədris dili ingilis dili olan ixtisaslar açsınlar. Çünki bu, həmin universitet üçün həm bir növ reklamdır, həm də ikili diplom proqramlarında xarici universitetlərlə əməkdaşlıq üçün fürsət yaradır. Universitet deyə bilir ki, “bizdə tədris ingilis dilində aparılır, gəlin əməkdaşlıq edək”. Əgər belə bir ixtisas yoxdursa, xarici universitetlərlə belə proqramlar qurmaq çətinləşir".

Bu sözləri AzEdu.az-a açıqlamasında  ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, təəssüf ki, bir çox hallarda bu ixtisaslar açılır, amma universitet həmin ixtisas üzrə ingilis dilində keyfiyyətli tədris apara bilmir:

"Nəticədə bir müddət sonra problemlər, narazılıqlar və ciddi boşluqlar ortaya çıxır. Hesab edirəm ki, əgər universitet bu istiqamətdə real potensiala və maliyyə imkanlarına sahib deyilsə, bu tip ixtisasları açmamalıdır. Sadəcə “ad olsun” deyə bu addımı atmaq düzgün deyil. Çünki bu, tələbəni də, cəmiyyəti də aldadaraq nəticədə mənfi fəsadlara gətirib çıxarır.

Bu gün Azərbaycanda tədris dili ingilis dili olan ixtisaslarda oxuyan tələbələrin bir hissəsi ingilis dilini bilmir. Tələbə ingilis dilini bilmədiyi halda, gəlin təsəvvür edək: o, inşaat mühəndisliyini necə öyrənə bilər? Onsuz da Azərbaycan dilində bu ixtisası tam mənimsəmək çətindir, bir də ingilis dilində bu, daha çətin olacaq.

Bunun qarşısını almağın yolu var. Əgər tədris ingilis dilində aparılacaqsa, tələbəyə əvvəlcə bu dili öyrətmək lazımdır. Tədrisə başlamazdan əvvəl həmin tələbəyə foundation ili təqdim olunmalı və tədris dili öyrədilməlidir. Dünyada bu sistem belədir. Bir il hazırlıq mərhələsi olur, sonra əsas tədris başlayır.Bizim ölkəmizdə isə bu praktika yetərincə tətbiq olunmur.

"Bəzi universitetlər bir semestr hazırlıq keçir, bəziləri heç bunu da etmədən tələbəni əsas ixtisas dərslərinə yönləndirirlər",-deyə həmsöbətimiz vurğulayıb:

"Üstəlik, bəzi hallarda heç bir imtahan olmadan tələbə əsas kurslara keçirilir. Halbuki dünya təcrübəsində bu belə deyil. Hazırlıq mərhələsindən sonra ciddi imtahan keçirilir, yalnız imtahandan uğurla keçən tələbəyə ixtisas üzrə dərsləri həmin dildə almağa icazə verilir.Məsələn, Türkiyədə təhsil alan tələbələr əvvəlcə bir il hazırlıq mərhələsi keçir, türk dilini öyrənir, sonra imtahan  verir və yalnız müvəffəqiyyətli olduqdan sonra əsas təhsilə buraxılır. Bizdə isə bu proses yetərincə qurulmayıb tələbə tədris dilini kifayət qədər mənimsəmədən ixtisas dərslərinə başlayır və nəticədə nə tələbə, nə də təhsil prosesi uğurlu olur.

Bu gün təhsil sahəsində ən ciddi problemlərdən biri, ixtisasın rəsmi olaraq müəyyən bir dildə məsələn, ingilis dilində təqdim olunması, amma real dərs prosesində həmin dilin tətbiq olunmamasıdır. Bu problem xüsusilə tədrisi ingilis dilində olan ixtisaslarda daha çox müşahidə olunur. Hazırda bir çox universitetlər ixtisasları həm Azərbaycan, həm rus, həm də ingilis dillərində təqdim edir. Lakin təəssüf ki, bəzi hallarda dərslər ya tamamilə Azərbaycan dilində, ya da qarışıq şəkildə keçirilir. Bu isə tələbələrdə ciddi narazılıq doğurur.

Məsələn, 30 nəfərlik plan yerinə 20 nəfər ingilis dilini bilən tələbə qəbul ola bilər, amma digər 10 nəfərin biliyi zəifdir. Belə olan halda universitetlər ya tələbələrin səviyyəsinə uyğun dərs keçir, ya da keyfiyyəti aşağı salmaq məcburiyyətində qalırlar. Əvvəllər olduğu kimi, bir illik hazırlıq mərhələsinin olması bu problemi müəyyən qədər aradan qaldıra bilərdi. Çünki ikinci semestrdən artıq ixtisas fənləri ingilis dilində keçirilməyə başlanır və bu zaman tələbələrin çatışmazlıqları üzə çıxır".

R.Nurəliyev bildirib ki, bir çox universitetdə ixtisası ingilis dilində yüksək keyfiyyətdə tədris edə biləcək mütəxəssislər çatışmır:

"Bəzi hallarda dərsləri ümumiyyətlə həmin dili mükəmməl bilməyən müəllimlər tədris edir. Bu isə həm tələbənin, həm də təhsil sisteminin keyfiyyətinə mənfi təsir edir. Əgər universitet ingilis dilində ixtisas tədris edə bilmirsə, o zaman belə proqramları ümumiyyətlə açmamalıdır.

Hazırda bu problemi yaşamayan universitetlərə misal olaraq Bakı Ali Neft Məktəbi, ADA Universiteti, UNIC, Bakı Mühəndislik Universiteti (İNHA), UFAZ və Xəzər Universitetini göstərmək olar. Bu ali təhsil müəssisələrində tədris keyfiyyəti daha yüksək səviyyədədir.Lakin digər universitetlərdə bu məsələyə ya ciddi yanaşılmır, ya da imkanlar yetərli deyil. Nəticədə universitet tələbəni, tələbə isə universiteti günahlandırır. Reallıq isə budur ki, bizdə ingilis dilində tədris aparacaq mütəxəssislər çatışmır. Ya yoxdur, ya da çox azdır.

Eyni problem, müəyyən qədər olsa da, rus bölməsində də hiss olunur. Tələbələr şikayət edirlər ki, dərslər yarı rus, yarı azərbaycan dilində aparılır. Bu isə bütövlükdə təhsilin keyfiyyətinə mənfi təsir edir".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox